Bank Of Baku

Türk Tarix Qurumunun rəhbəri Yusuf Halacoğlu: “Qazıntı zamanı üst-üstə yığılmış sümük və skeletlər aşkarlanarsa, bu, toplu məzar hesab oluna bilməz”

Türk Tarix Qurumunun rəhbəri Yusuf Halacoğlu: “Qazıntı zamanı üst-üstə yığılmış sümük və skeletlər aşkarlanarsa, bu, toplu məzar hesab oluna bilməz”
# 13 aprel 2007 12:52 (UTC +04:00)
“Biz Türkiyədə aşkarlanan kütləvi məzarlıqlarda qazıntı işlərini arxeoloqlara həvalə edirik. Ancaq qazıntı işlərinə başlamazdan əvvəl arxiv materiallarını son təfərrüatına qədər araşdırır, hadisənin canlı şahidlərini, qətl edilənlərin uşaqlarını, nəvələrinin tapıb onlardan ətraflı məlumat toplayırıq”. Bu fikirləri APA-nın Türkiyə bürosuna eksklüziv açıqlamasında Türk Tarix Qurumunun rəhbəri, professor Yusuf Halacoğlu söyləyib. Türkiyədə kütləvi məzarlıqların açılması təcrübəsini APA əməkdaşı ilə bölüşən professor Halacoğlu bir sıra maraqlı detallara aydınlıq gətirib: “Araşdırmalarımız vasitəsi ilə kütləvi məzarlıqların yerini dəqiqləşdirdikdən sonra arxeoloqlardan ibarət heyət o ərazidə işə başlayır. Kütləvi məzarlıqlar olduğu güman edilən ərazidə qazıntıları son dərəcə diqqətlə və incə şəkildə aparmaq lazımdır. Kütləvi məzarlıqların ən mühüm xüsusiyyəti oradakı sümüklərin üst-üstə yığılmış olmasında deyil, pərakəndə şəkildə səpilməsindədir. Yəni, qazıntı zamanı üst-üstə yığılmış sümük və skeletlər aşkarlanarsa, bu, toplu məzar hesab oluna bilməz”. Yusuf Halacoğlu tapıntının kütləvi məzarlıq olduğuna əminlik üçün sümük və skeletlərin məzardan dağınıq şəkildə çıxmasının önəmli olduğunu deyib: “Əgər sümük və skeletlər sıra halında tapılırsa, qətlə yetirilənlərin dərhal basdırılması kimi iddialar ortadan qalxır. Çünki meyitlərin sıra ilə yerləşdirilməsi soyqırımı hesab olunmur. Ərzurum Universiteti və Van Universitetində kütləvi məzarlıqların aşkara çıxarılması və bu məzarlıqlarda qazıntı işlərinə dair təcrübəyə malik dəyərli alimlərimiz var. Lazım olanda biz onları qazıntı işlərinə cəlb edirik. Qazıntı işlərinə ilk öncə kürək və bel alətlərindən istifadə edilməklə başlanılır, sonra isə mala və fırçalardan istifadə olunur. Bu məsələyə xüsusi diqqətlə yanaşılmalı və skeletlər dağıdılmamalıdır”. Yusuf Halacoğlu qondarma “erməni soyqırımı”nın ildönümündə Mardində daha bir kütləvi məzarlığın olduğu yerdə qazıntı işləri aparılacağını vurğulayıb: “Mardinin Nuyasbin rayonunun Kurukköy kəndində belə bir kütləvi məzarlığın olduğuna dair əlimizdə dəlillər var. Bildiyiniz kimi, İsveç parlamentinin bəzi deputatların guya, Mardində süryanilərə qarşı soyqırımı həyata keçirildiyini iddia etmişdilər. İsveçdən David Lant adlı bir mütəxəssis bizim həmin ərazilərdə qazıntı işləri aparmaq təklifimizi qəbul etmişdi. Biz onunla qazıntı zamanı əldə ediləcək dəlillərin beynəlxalq laboratoriyada təhlil edilməsi barədə razılığa gəlmişdik. Mən indi onların cavabını gözləyirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR