Bank Of Baku

Sərdar Cəlaloğlu: “Rəsul Quliyevi müdafiə edən şəxslərin ADP adından imtinasından yox, özlərinə yeni ad götürməsindən söhbət gedə bilər”

Sərdar Cəlaloğlu: “Rəsul Quliyevi müdafiə edən şəxslərin ADP adından imtinasından yox, özlərinə yeni ad götürməsindən söhbət gedə bilər”
# 13 aprel 2007 16:15 (UTC +04:00)
“Rəsul Quliyevi müdafiə edən şəxslərin ADP adından qurultay keçirməsi qanuna ziddir və bu partiyanın adından danışmağa onların mənəvi haqları yoxdur”. Bunu APA-ya açıqlamasında ADP-nin bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlu R. Quliyevin tərəfdarlarının sabah keçirəcəkləri qurultaya münasibət bildirərkən deyib. S. Cəlaloğlu toplantıda ADP üzvü olmayan kifayət qədər adamın yığılacağı ilə bağlı onlarda dəqiq məlumatların olduğunu bildirib: “Ötən dəfə Ali Məclis adı altında keçirdikləri iclasda da cəmi 13 nəfər iştirak etmişdi, amma bildirdilər ki, guya 45 nəfər iştirak edib. 45 nəfər iştirak etmədiyi üçün onların adlarını da açıqlaya bilmədilər. İndi də ADP-nin 30-35 nəfər üzvü olacaq və qohum-qardaşı da ora yığacaqlar, şadlıq evində yeyib içəndən sonra deyəcəklər ki, qurultay keçirdik. Təbii ki, bu, qeyri-ciddi addımlardır”. S. Cəlaloğlu ADP-nin Nizamnaməsində fövqəladə qurultay keçirməklə bağlı müddəanın olmadığını da əsas gətirərək, bu toplantını qeyri-qanuni sayıb: “Bu qanunsuz hərəkətlərlə bağlı Ədliyyə Nazirliyinə müraciət etmişik. Çox təəssüf ki, bu məsələyə kifayət qədər hüquqi baxımdan yanaşılmır, məhkəmələr qanun çərçivəsində reaksiya vermir və iş bu səviyyəyə gəlib çatır. Biz məsələ ilə bağlı nazirliyə onların keçirəcəyi toplantının nəticələri ilə də bağlı müraciət edəcəyik”. S. Cəlaloğlu qarşı tərəfin partiyanın adının dəyişdirilməsi ilə bağlı təkliflərin də düzgün səslənmədiyini bildirib: “Burada ad dəyişmədən, addan imtinadan yox, özlərinə yeni ad götürməkdən söhbət gedə bilər. Onlar bəyəm ADP-çidirlər ki, partiya adı dəyişirlər?! Sadəcə, cəsarət etmirlər ki, yen ad götürsünlər. Çünki ad çıxarmaq, onu məşhurlaşdırmaq hər kişinin işi deyil. Bu hərəkətləri ilə sadəcə, bizdən intiqam almaq istəyirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR