Bank Of Baku

Hikmət Hacızadə: “Liderin partiyada heç bir səlahiyyəti olmur, o, yalnız öz nüfuzuna görə insanları yönəldə bilir”

Hikmət Hacızadə: “Liderin partiyada heç bir səlahiyyəti olmur, o, yalnız öz nüfuzuna görə insanları yönəldə bilir”
# 18 aprel 2007 13:43 (UTC +04:00)
“Hazırda dünyanın aparıcı dövlətlərinin partiya sistemində partiya liderinin və sədrinin ayrı-ayrı şəxslər olması təcrübəsi yoxdur. Ən tanınmış partiyaların sədrləri həmin partiyanın lideri hesab olunurlar”. Bu açıqlamanı APA-ya Bakı Dövlət Universitetinin politologiya kafedrasının müəllimi Nazim İbadov verib. Onun sözlərinə görə, partiyanın rəhbərliyində liderin cari işlərini azaltmaq məqsədi ilə bəzi hallarda partiyalarda həmsədrlik insitutu yaradılır ki, bu zaman partiyanın lideri sayılan şəxs həmsədrlərdən biri olur. “Lider həmsədr partiyanın ümumi siyasi kursu, ideologiyası ilə bağlı, digər həmsədr isə cari işlər, partiyanın təşkilatçılığı və tədbirlərin həyata keçirilməsi ilə məşğul olur. Amma bəzən klentel tipli partiyalar yaradılır ki, bunlar da sırf hansısa liderin şəxsiyyəti ətrafında formalaşır. Bu partiyaların formalaşmasında həmin nüfuzlu şəxs özü iştirak etmir, sadəcə partiya onu müdafiə və dəstək məqsədi ilə siyasi meydana çıxır. Belə hal Fransada ötən əsrin ortalarında olub ki, Şarl de Qollun nüfuzu ətrafında Respublika Yaradılması Uğrunda Birlik Partiyası təsis olunub. Şarl de Qoll öz bu partiyanın rəhbərliyində deyildi, iclaslarda iştirak etmirdi, amma partiyanın lideri sayılırdı. Müasir dövrdə bu tipli partiyalara rast gəlinmir”. Hüquqşünas Fuad Ağayev isə APA-ya açıqlamasında məsələnin hüquqi tərəfinə aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində bu tipli partiyaların yaradılmasına məhdudiyyətin qoyulmur: “Partiyanın üzvü olmayan bir şəxs də onun lideri ola, seçkilərdə namizədliyini irəli sürülə bilər. Bir sıra partiyalar var ki, onlarda heç də sədr lider hesab olunmur. Belə partiyalarda sədr inzibati funksiyaları icra edən şəxs olur”. Bu tipli partiyalarda qurumun fəaliyyəti üçün sədrin, yoxsa liderin məsuliyyət daşımasına gəldikdə F. Ağayev bunun nizamnamə ilə müəyyənləşdiyini bildirib. Qeyd edək ki, Açıq Cəmiyyət Partiyasının Nizamnaməsinə görə, lider qurultayda seçki yolu ilə müəyyənləşir, sədr isə Ali Məclisin iclasında seçilir. F. Ağayevin sözlərinə görə, burada da hər hansı qanun pozuntusu yoxdur: “Siyasi partiyalar haqqında qanunda partiya rəhbərliyi ilə bağlı konkret tələblər yoxdur. Bunların hamısı partiyanın Nizamnaməsində, təsis sənədlərində müəyyənləşir. Qanuvericilik partiyanın fəaliyyətini, rəhbər orqanlarını, səlahiyyətlərini, səlahiyyət müddətini və digər ciddi məsələlərin Nizamnamə ilə müəyyənləşdirilməsini nəzərdə tutur”. Politoloq Hikmət Hacızadə isə APA-ya açıqlamasında müasir dünyada lideri və sədri ayrı-ayrı şəxslər olan partiyaların mövcud olduğunu bildirib. “Hazırda ABŞ-ın Demokrat Partiyası və Respublikaçılar Partiyasının sədrləri başqa, liderləri isə başqa şəxslərdir. Bəzi Avropa ölkələrində də bu tipli partiyalara rast gəlinir. Əslində liderə partiyada heç bir vəzifə lazım deyil. Çünki vəzifə olduqda, o, inzibati yolla insanları nəyəsə məcbur edə bilir. Amma liderin partiyada heç bir səlahiyyəti olmur. O yalnız öz nüfuzuna görə insanları yönəldə bilir. Bu baxımdan liderin partiya sədri olmaması müsbət haldır”. Bu təcrübənin Azərbaycana gətirilməsinin də yaxşı hal olduğunu deyən H. Hacızadə hesab edir ki, liderlər partiyanın ideologiyası və siyasi xətti, sədrlər isə cari işlərlə məşğul olmalıdırlar. Parlamentin dövlət quruculuğu və hüquq siyasəti komissiyasının üzvü Rövşən Rzayev APA-ya açıqlamasında qanunvericilikdə bu tipli partiyaların yaradılması üçün məhdudiyyətin nəzərdə tutulmadığını deyib. Millət vəkilinin sözlərinə görə, partiyanın rəhbər orqanlarının formalaşdırılması “Siyasi partiyalar haqqında” qanunla yox, partiyanın nizamnaməsi ilə tənzmlənir. Ədliyyə Nazirliyinin təmsilçiləri isə sözügedən mövzuya və ACP-nin qəbul etdiyi yeni strukturlaşma formasına münasibət bildirmək istəməyiblər. Nazirlik nümayəndələri yalnız partiyanın təsis sənədləri ilə tanış olduqdan sonra bu barədə öz fikirlərini bildirəcəklərini deyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR