Bank Of Baku

Rəsul Quliyev: “Belə davam etsə, müxalifət partiyalarının heç bir perspektivini görmürəm”

Rəsul Quliyev: “Belə davam etsə, müxalifət partiyalarının heç bir perspektivini görmürəm”
# 20 aprel 2007 10:15 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin APA-ya müsahibəsi

- Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyevdən hansı fərqli siyasi kurs yürüdəcək?
- Partiyanın adını dəyişmək siyasi kursu dəyişmək demək deyil, siyasi kurs Azərbaycanda demokratiyanın qələbəsinə qədər mübarizəni davam etdirmək və yaxın vaxtlarda buna nail olmaqdır. Bu məqsəd, prinsipcə, dəyişməyib.
- ACP-nin digər müxalifət partiyaları ilə münasibətləri necə olacaq? Müxalifətin hansı formatda birgə fəaliyyətinin tərəfdarısınız?
- Biz iki istiqamətdə iş aparacağıq. Birincisi, Azərbaycanda mövcud olan irili-xırdalı partiyaların, ziyalıların, ictimai təşkilatların milli forumunu keçirib, Azərbaycan xalqının əksəriyyətinin dəstəklədiyi bir sənəd ortaya çıxarmağa, bununla da xarici ölkələrin, beynəlxalq təşkilatların diqqətini ölkəmizə yönəltməyə nail olmaq. Bu gün böyük partiyaların kiçik və hökumətyönlü partiyalarla bir masa arxasında oturmaq istəməməsinə heç bir səbəb görmürəm. Çünki bugünkü şərait davam edərsə, 2008-ci il və sonrakı illərin nəticələri bütün partiyalar üçün eyni olacaq. Avropa Şurasının son sessiyası bir daha göstərdi ki, biz bu işi görməliyik. İkincisi ACP hər bir partiya ilə ikitərəfli ciddi sazişlər imzalamaq niyyətindədir. Bu müqavilələrin şərtlərinin kifayət qədər real və konkret olacağına şübhə etməyə bilərsiniz.
- ACP-nin qurultayının demokratik keçməməsi ilə bağlı fikirlər var. Bildirilir ki, qurultayda yalnız Sizin irəli sürdüyünüz namizədlər partiya rəhbərliyinə seçilib və bu namizədlərə alternativlər olmayıb. Alternativsiz keçirilən seçkiləri demokratik hesab etmək olarmı?
- Mən həmişə alternativsiz seçkilərin əleyhinə olmuşam. Qurultaya göndərdiyim müraciətdə də seçkiləri alternativ əsaslarla keçirməyi tövsiyə etmişəm. Qurultay nümayəndələri üç orqanı seçirlər - lideri, Ali Məclisin və MNTK-nın üzvlərini. Mən bu seçkilərin heç birində iştirak etməmişəm, nümayəndələrin sərbəst olmasına çalışmışam. Xüsusilə liderin seçilməsində çox istəyirdim ki, alternativlik olsun, hətta bir neçə nəfəri dilə tutmağa cəhd də göstərdim. Görünür, heç kim süni şouda iştirak etmək istəməyib. Qalan seçkilərin necə keçməsi barədə isə bir şey deyə bilmərəm. Ancaq əmin ola bilərsiniz ki, heç bir təzyiq, fikrini kiməsə sırımaq halları olmayıb. O ki qaldı İdarə Heyətinə, bu quruma üzvlüyə namizədliyi mən irəli sürməli idim ki, bu da təbiidir. Çünki bu, icra orqanıdır, onu da lider formalaşdırmalıdır. Ancaq bu o demək deyil ki, mən heç kimlə məsləhətləşməmişəm. Düzdür, İdarə Heyətinə namizədliyini irəli sürəcəyim adamların heç biri ilə onun özü barədə söhbət aparmamışam. Amma yaxşı tanıdığım, kifayət qədər obyektiv fikirləri olan onlarla partiya üzvü ilə üst-üstə 3 saatdan çox söhbət etmişəm. Rusiyanın tarixində imperiyada iqtisadi islahatlar həyata keçirən, dünyanın tanıdığı məşhur şəxsiyyət var - Sergey Vitte. O, XIX əsrin sonunda nazir təyin olunub. Təyinatdan əvvəl isə Çar Aleksandr bu posta 3 namizədlə görüşüb, hər üçünə “Nazir olsan, kimi özünə birinci müavin götürəcəksən” sualını verib. Hər 3 namizəd Vittenin adını çəkib. Səhərisi gün isə Çar Vitteni nazir təyin edib. Mən də söhbət zamanı Akif Şahbazovun adını çəkməmişəm, sadəcə, “Kimi sədr görmək istəyərdiniz” sualını vermişəm. Aldığım cavaba uyğun olaraq da Akif Şahbazovun namizədliyi üzərində dayanmışam.
- Aydın Quliyevin partiyanın rəhbərliyində təmsil olunmamasını necə qiymətləndirirsiniz? Onun qurultayın nəticələrindən narazı qaldığı bildirilir...
- Aydın Quliyev liderin müşaviri təyin olunub, hər halda onun vəzifəsinin statusu sədr müavinlərinin statusunda bir qədər yuxarıdır. Mən onu mərd, ağıllı, stabil və demokratiyaya sadiq adam kimi qiymətləndirirəm. Ona görə də onun ətrafında qaldırılmış böhtan kampaniyasının ayaq tutub yeriməsinə imkan vermədim. Onun müəyyən məsələlərlə bağlı narazılığı ola bilər, ancaq inanın ki, bu, adi işdə olan narazılıq səviyyəsindədir.
- Hazırda ACP rəhbərliyində olan şəxslərin gələcəkdə Sizə məhz ADP-nin rəhbərliyində olan şəxslər - Sərdar Cəlaloğlu və digərləri kimi münasibət bəsləməyəcəyinə nə qədər əminsiniz?
- Siyasətdə həmişə narazılıq ola bilər, həm mənim kiməsə qarşı, həm də kimlərinsə mənə qarşı bu cür münasibəti mümkündür. Bu vəziyyəti necə qiymətləndirməkdən və hansı qərarları qəbul etməkdən asılıdır. Əgər etikadan söhbət gedirsə, mən əminliklə deyirəm ki, nəinki bizim, heç o biri partiyaların da üzvləri arasında heç kim belə əxlaqsız hərəkətlər etməz.
- Yenidən “Azadlıq” blokuna daxil olmağı düşünürsünüzmü?
- Hələlik nə “Azadlıq”, nə də başqa bloklara daxil olmaq niyyətimiz var. Biz mövqeyimizi uyğunlaşdırmaq istiqamətində çalışacağıq. Buna nail olmasaq, heç bir birləşmədən söhbət gedə bilməz. Amma paralel olaraq, həm ALP, həm də AXCP ilə təkbətək danışıqlar aparmağa cəhd edəcəyik. “Azadlıq” bloku rəhbərlərinin vaxtilə vəziyyətə düzgün qiymət verə bilməmələrinə baxmayaraq, blokla əməkdaşlıq etməmək kimi uşaq hərəkətlərinə heç vaxt yol vermərik. Blok demokratiya uğrunda mübarizədə bizim partnyorumuzdur və belə də qalacaq.
- 2008-ci il prezident seçkiləri ilə bağlı hansı planlarınız var və həmin vaxta kimi Azərbaycana qayıtmaq üçün yenidən cəhd göstərəcəksinizmi?
- Mən Azərbaycana dönmək cəhdimə heç vaxt fasilə verməmişəm ki, yenidən bu işə başlayam. Planlarım isə xalqının aktivliyi və beynəlxalq təşkilatların təzyiqi ilə azad seçki şəraitinin yaradılmasına nail olmaqdır.
- Müxalifətin vahid namizədi olmaq fikriniz varmı və Sizcə vahid namizəd olsanız ciddi nəticələr əldə etmək mümkündürmü?
- Bu istiqamətdə indiki şəraitdə müəyyən bir iş görməyə cəhd göstərmək qeyri-ciddi olardı. Ümumiyyətlə, azad seçkilər üçün şəraitə nail olmayacağımız təqdirdə, heç bir seçkidən söhbət gedə bilməz. Belə olan halda, hamı seçkiləri boykot etməlidir.
- Bəzi siyasətçilər artıq Rəsul Quliyevin siyasi səhnədə ciddi fiqur olmadığını bildirirlər. Bu fikirlərə münasibətiniz necədir?
- Siyasətdə kimin ciddi fiqur olub-olmaması məsələsi çox mürəkkəb və nisbi məsələdir. Ümumiyyətlə, həyatda hər şey müqayisədə özünün obyektiv qiymətini ala bilər. Bu sözləri söyləyənlər deməlidir ki, məsələn, filankəslər siyasi səhnədə ciddi fiqurlardır, onlarla müqayisədə Rəsul Quliyev ciddi fiqur deyil. Onsuz da Azərbaycan televiziyaları bütün günü duzsuz şoular göstərir. Yaxşı olardı ki, o adamlar özlərini ciddi fiqur adlandırıb, camaatı bir az güldürərdilər. Biz “Sən ciddi siyasətçi deyilsən” tipli fikirləri çox eşitmişik. Mən əminəm ki, bu adamlar siyasətçi və siyasətlə məşğul olan arasında fərqi bilmirlər. Müxtəlif demokratik şüarlar söyləmək hələ siyasətçi olmaq demək deyil. Məsələn, hamı deyir ki, Azərbaycanda demokratik islahatlar lazımdır, ancaq çoxları bilmir ki, bu, azı 15 fundamental qanun qəbul etmək, yüzlərlə qanunların yerinə yetirilməsini təmin etmək üçün təlimatların yaradılması deməkdir.
- Sizin Azərbaycana qayıtmamağınızla bağlı bir sıra ittihamlar səslənir. İndiki məqamda sərnişin təyyarəsinə əyləşib Bakıya gəlməyinizin qarşısını nə alır?
- İndi də əminəm ki, ölkəyə dönə bilməsəm, orada nə isə etmək mümkün olmayacaq. Baxmayaraq ki, mən Azərbaycana ancaq obyektiv səbəbdən gələ bilmədim, ancaq bu mənim imicimə kifayət qədər zərbə vurdu. Məgər mən bilmirdim ki, gedə bilməsəm, bu belə olacaq? Bəs, necə oldu ki, kifayət qədər təcrübəli şəxs kimi bu addımı atdım? Çünki ölkədəki vəziyyət məni buna məcbur etdi. Yazırlar ki, Rəsul Quliyevə özünü “muçennik” kimi göstərmək daha sərfəlidir, nəyinə lazımdır, Azərbaycana gəlmək... Adam bu məntiqdən uzaq mülahizəyə məəttəl qalmaya bilmir. Adamın gördüyü istənilən bir işdə motiv olmalıdır, görəsən bunu iddia edənlər motiv olaraq nəyi əsas götürür, görəsən, bu “muçennik” imici mənim nəyimə lazımdır? Mənim axı peyğəmbər olmaq fikrim yoxdur...
- Hazırkı müxalifət partiyalarının perspektivini necə görürsünüz?
- Belə davam edərsə, heç bir perspektiv görmürəm.
- Əvvəlki müsahibələrinizin birində ADP rəhbərliyinə və ümumilikdə müxalifətə ayırdığınız maliyyə vəsaitləri barədə faktlar açıqlaya biləcəyinizi demişdiniz. Bu faktları açıqlaya bilərsinizmi?
- Fikrimdən daşındım. Əgər insanlar yalan danışmaqdan utanıb qızarmırlarsa, heç bir açıqlama onlara kömək etməz.
- Hakimiyyətlə dialoq və müəyyən məsələlərdə əməkdaşlıq təkliflərinə münasibətiniz necədir?
- Bu haqda əvvəl söylədiklərimdə qalıram. Yeni heç bir şey əlavə edə bilmərəm, ancaq xalq aktivləşməsə, hökumət heç bir dialoqa gedən deyil. Ya da elə format təklif edəcək ki, bu mümkün olmayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR