Bank Of Baku

Əsir əsgərin anası Təranə Məmmədova: “Samirin Azərbaycana qayıtmaqdan imtina etməsi haqda məlumatlar reallığı əks etdirmir”

Əsir əsgərin anası Təranə Məmmədova: “Samirin Azərbaycana qayıtmaqdan imtina etməsi haqda məlumatlar reallığı əks etdirmir”
# 01 may 2007 12:19 (UTC +04:00)
“Samirin Azərbaycana qayıtmaqdan imtina etməsi, üçüncü ölkəni seçməsi haqda məlumatlar reallığı əks etdirmir. Mənim oğlum heç vaxt valideynlərinə məktub yazmaqdan imtina edə bilməz. Samir gözəl bilir ki, ermənilər bizim tarixi düşmənlərimizdir, onlara təslim olub, Azərbaycana qayıtmaqdan imtina etmək olmaz”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən əsgəri, hazırda İrəvanda saxlanılan Samir Məmmədovun anası Təranə Məmmədova deyib. Digər ailə üzvləri ilə birgə bu gün Bakıya gələn T. Məmmədova yaranmış vəziyyətlə bağlı Milli təhlükəsizlik naziri, Əsir, itkin düşmüş və girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudovla görüşmək niyyətində olduqlarını bildirib. Əsir əsgərin əmisi Vidadi Məmmədov isə APA-ya açıqlamasında deyib ki, Samirin vətənə qayıtmaqdan imtina etməsi barədə deyilənlər, sadəcə, erməni təbliğatının bir hissəsidir: “O, ermənilərin psixoloji təsiri altındadır. Azərbaycanın dövlət nümayəndələri də bilirlər ki, baş verənlər erməni təbliğatıdır. İnanmıram ki, Samir bizim məktublara cavab verməkdən imtina etsin. O, elə övlad deyil ki, anasının yazdıqları məktublara cavab verməsin. Beynəlxalq Qırmız Xaç Komitəsinin nümayəndələri bizə deyirlər ki, Samir hətta burdan gedən sonuncu məktubları da oxumaqdan imtina edib. Bu, inanılası deyil. Biz ona yenə məktub yazmaq istəsək də, dedilər ki, Samir bunu qəbul etməyəcək”.
V.Məmmədov deyib ki, Azərbaycan dövləti yaranmış vəziyyətə münasibət bildirməli, əsir əsgərin geri qaytarılması üçün səylərini davam etdirməlidir.
Bu gün S. Məmmədovun ailə üzvləri ilə görüşən “Həsrət Yolu” İctimai Birliyinin sədri Esmira Orucova APA-ya bildirib ki, Samirin valideynlərinə yazdığı bütün məktublarla tanış olub və vətənpərvər ruhda məktublar yazan əsgərin belə hərəkət etməsinə inanmır: “Mən artıq şübhələnirəm ki, bəlkə də Samir həyatda yoxdur. Əgər o sağdırsa, qoy, görüntülərini təqdim etsinlər, Azərbaycandan Ermənistana tez-tez səfərlər edən QHT nümayəndələrinə onunla görüşməyə imkan yaratsınlar. Təəssüf ki, bəzi QHT nümayəndələrimiz də belə bir məqamda susurlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR