Bank Of Baku

Sərdar Cəlaloğlu: “Düşünürəm ki, Müsavatla əməkdaşlıqda problem olmayacaq”

Sərdar Cəlaloğlu: “Düşünürəm ki, Müsavatla əməkdaşlıqda problem olmayacaq”
# 01 may 2007 13:28 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) qurultaydan sonra müxalifət partiyası olaraq bu düşərgəni təmsil edən digər siyasi təşkilatlarla əlaqələr yaradacaq. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, yaradılacaq əlaqələr informasiya mübadiləsindən əməkdaşlıq və bloklar səviyyəsinə qalxa bilər. Əlaqələrin qurulmasının ADP-nin strategiyasına digər partiyaların münasibətindən asılı olacağını bildirən S. Cəlaloğlu hesab edir ki, əgər yeni strategiya normal qarşılanacaqsa, bu zaman münasibətlərdə problem olmayacaq: “Əgər yenə əvvəlki kimi bizim ədalətli, düzgün hesab etdiyimiz və Azərbaycanda milli maraqların tələb etdiyi strategiyaya ad qoyacaqlarsa, bu, əməkdaşlığımızda problem olacaq. Təbii ki, biz strategiyamızdan imtina etmək fikrində deyilik, əksinə bu istiqamətdə daha əminliklə fəaliyyət göstərəcəyik”. Müsavat Partiyası ilə ADP arasında danışıqların başlayacağı ilə bağlı yayılmış məlumatlara gəldikdə, S. Cəlaloğlu bunu partiyanın qurultayından sonra mümkün sayır: “Bizim Müsavatla çox gözəl əməkdaşlıq təcrübəmiz var və xüsusən də İsa Qəmbərlə mənim sözüm tutur. Düzdür, zaman-zaman bizim əməkdaşlığımızda müəyyən problemlər də yaranıb. Amma biz 2003-cü ildə Müsavatın prezidentliyə namizədini dəstəklədik. Bundan əlavə müxtəlif siyasi bloklarda Müsavatla sıx əməkdaşlıq etmişik və bu effektli olub. Düşünürəm ki, bundan sonra bu partiya ilə əməkdaşlıqda problem olmayacaq”. Müsavat Məclisinin sədri Sülhəddin Əkbər isə partiyanın 2006-cı il fəaliyyət proqramında əsas istiqamətlərdən birinin məhz müxalifət partiyaları əməkdaşlığın davam etdirilməsi olduğunu deyib. Bu baxımdan ADP ilə danışıqlarda problem görməyən S. Əkbər hesab edir ki, əgər bu barədə onlara müraciət daxil olarsa, bu müraciət müzakirə ediləcək: “Biz demokratik prinsipləri qəbul edən istənilən partiya ilə əməkdaşlığa hazırıq. İndiki halda hələlik biz yalnız funksional əməkdaşlığa üstünlük veririk. Yəni, hər hansı siyasi ittifaq yaratmaq niyyətində deyilik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR