Bank Of Baku

İsrail parlamentinin sədr müavini Amnon Koen: “Təəssüf ki, Ermənistan Cənubi Qafqaz regionunda sülhün önəmini hələ dərk etməyib”

İsrail parlamentinin sədr müavini Amnon Koen: “Təəssüf ki, Ermənistan Cənubi Qafqaz regionunda sülhün önəmini hələ dərk etməyib”
# 02 may 2007 09:08 (UTC +04:00)
- Azərbaycana bu yaxınlarda gerçəkləşən səfərinizdə məqsəd nə idi?
- Azərbaycana budəfəki səfərim sayca üçüncü oldu. Mən öz həmkarlarım Gidon Saar, Robert İlatov və Ran Kohenlə birlikdə SOXNUT yəhudi agentliyi tərəfindən Azərbaycana dəvət olunmuşdum. Səfərimizdə məqsəd Azərbaycan-İsrail parlament əlaqələrinin möhkəmlənməsinə nail olmaq və Azərbaycanın yəhudi icmasının liderləri ilə görüşmək idi. Biz Azərbaycan yəhudilərinin tam dini etiqad azadlığına malik olduğunu gördük. İnsanlar öz adət-ənənələrinə uyğun yaşamaq, milli-dini bayramlarını keçirmək, “Tövrat”ı öyrənmək imkanına malikdir. Bakıda yəhudi dini məktəbini görmək bizim üçün çox xoş oldu. Vaxtilə bu məktəbin açılması və yəhudi icmasının iudaizmin əsaslarını öyrənməsinə mərhum Heydər Əliyev icazə verib. O, həmişə Azərbaycan yəhudilərinə xüsusi rəğbətlə yanaşıb. Hər səfərimdə Azərbaycanda gənc prezident İlham Əliyevin başçılığı ilə kardinal dəyişikliklərin baş verdiyinin şahidi oluram. Hər dəfə Azərbaycana gələndə sanki başqa bir ölkəyə düşürəm. Qeyd etmək lazımdır ki, Azərbaycan Ümumi Daxili Məhsulun həcminə görə dünyada birincidir. Burada neft faktoru rol oynasa da, Azərbaycanın öz iqtisadi göstəricilərinə görə dünya lideri olması faktdır.
- Azərbaycanın rəsmi şəxsləri ilə görüşlərinizdən hansı təəssüratlarla ayrıldınız?
- Əvvəlcə İlham Əliyevin xüsusi ideologiyası olan eyni fikirli insanlardan ibarət komandasını qeyd etmək istərdim. Mən diaspora işləri üzrə nazir Nazim İbrahimovla, sosial təminat naziri Füzuli Ələkbərovla, xarici işlər naziri Elmar Məmmədyarovla görüşdüm. Hesab edirəm ki, məhz bu insanlar və onlar kimi düşünənlər Azərbaycanla Ermənistan arasında həqiqi sülh əldə edilməsinə nail ola bilər. Görüşlər zamanı əmin oldum ki, bu insanlar Ermənistanla sülh istəyir. Təəssüf ki, qarşı tərəf Cənubi Qafqaz regionunda sülhün önəmini hələ dərk etməyib. Mən münaqişənin sülh yolu ilə həllinə inanıram. Səfər zamanı hiss etdim ki, həm Azərbaycan prezidenti, həm də XİN başçısı Cənubi Qafqazda sülh, inkişaf və gələcək nəsillərin rifahı üçün hər şeyi edirlər.
- Azərbaycanla İsrail arasında münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, yəhudi xalqı və İsrail dövləti Azərbaycan xalqı və dövlətinə böyük hörmət, ehtiramla yanaşır. Biz Azərbaycanın geopolitik cəhətdən mürəkkəb regionda yerləşdiyini anlayırıq. Biz həmçinin Bakının İranın 40 faizini təşkil edən azərbaycanlı əhalinin taleyinə görə narahatlıq keçirdiyini bilirik. Azərbaycan İranla sərhədlərə malikdir. Həm İran, həm də Rusiya tərəfdən diplomatik təzyiqə məruz qalan Azərbaycanın mövqeyini başa düşürük. Mənim fikrimcə, Azərbaycanın cənub qonşusu nüvə silahı əldə edərsə, bu, ilk öncə Azərbaycan üçün strateji təhlükə yaradacaq.
İkitərəfli münasibətlərə gəldikdə isə, Azərbaycanın İsraildə səfirliyi olmasa da, kifayət qədər ciddi işgüzar-kommersiya əlaqələri mövcuddur. Ümid edirəm ki, bu il, yaxud gələn il Azərbaycan İsraildə öz nümayəndəliyini açacaq. Mümkündür ki, bu, hələlik konsulluq səviyyəsində olsun. İsrail yüksək texnologiyalar, kənd təsərrüfatı, təhlükəsizlik və digər sahələrdə Azərbaycanla əməkdaşlığa hazırdır. Bunun üçün ölkəmizdə Azərbaycanın diplomatik təmsilçiliyinin olması zəruridir. Misal üçün deyim ki, İsraildə Qazaxıstanın və Özbəkistanın səfirləri çox effektiv fəaliyyət göstərirlər. Mən onların fəaliyyətinə hər cür kömək göstərirəm. 15 ildir ki, Azərbaycanda İsrailin səfirliyi mövcuddur. Hazırkı səfir Artur Lenk öz vəzifəsini çox yüksək peşəkarlıqla yerinə yetirir. Bu mənada Azərbaycan mövqeyini qətiləşdirib İsraildə diplomatik nümayəndəlik açmalıdır. Bu, hər iki ölkəyə lazımdır. Biz Azərbaycana önəmli strateji tərəfdaş kimi baxırıq.
- Bu yaxınlarda İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (AZİZ) yaradıldı. Bunu necə qiymətləndirirsiniz?
- Mən bu qurumun yaradılmasını alqışlayır və ona xeyir-dua verirəm. Bu, Azərbaycandan köçmüş 100 min israillinin böyük uğurudur. Azərbaycanın İsraildə 100 min səfiri var. Həmin insanlar Azərbaycanı çox sevirlər və hələ də onun adət-ənənələrinə uyğun yaşamağa davam edirlər. Çünki onlar bu ölkədə doğulub boya-başa çatıblar, orada təhsil alıblar, yaxınlarının, doğmalarının məzarları Azərbaycandadır. Yeni assosiasiya həm onların birləşməsinə, həm də Azərbaycanla İsrail arasındakı əlaqələrin möhkəmlənməsinə xüsusi töhfələr verəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR