Bank Of Baku

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs elan edilməsindən 13 il ötür

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs elan edilməsindən 13 il ötür
# 11 may 2007 14:52 (UTC +04:00)
Sabah Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs haqda razılığın əldə olunmasının 13 ili tamam olur. APA-nın məlumatına görə, 1994-cü il mayın 12-dən etibarən döyüş əməliyyatları müvəqqəti dayandırılsa da, bu müddət ərzində Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından cəbhəyanı yaşayış məntəqələrini atəşə tutmaqda davam edib. Xüsusilə Ağdam, Tərtər, Füzuli və Qazax istiqamətində demək olar ki, hər gün atəşkəs rejimi ermənilər tərəfindən pozulur. 13 il ərzində orta hesabla, hər il 20 nəfərədək Azərbaycan əsgəri düşmən gülləsindən həlak olur və yaxud xəsarət alır. Bununla yanaşı, mülki vətəndaşlar da ermənilər tərəfindən daim hədəfdə saxlanılır.
APA-nın Müdafiə Nazirliyi tərəfindən təsdiq olunmuş məlumatlar əsasında apardığı monitorinqlərin nəticələrinə görə, təkcə 2006-cı ildə atəşkəs rejimi 220 dəfə pozulub, 14 Azərbaycan əsgəri şəhid olub, 2 əsgər əsir götürülüb, bir neçəsi isə yaralanıb. Bu ilin ötən dövrü ərzində isə atəşkəs rejimi 70 dəfədən çox pozulub. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin 5 hərbçisi şəhid olub, düşmən gülləsindən 4 hərbi qulluqçu və 1 nəfər mülki şəxs, mina partlayışlarından isə 6 əsgər yaralanıb. Atəşkəsin ən çox pozulması faktları Ağdam, Qazax, Tərtər və Füzuli rayonlarında müşahidə olunur.
Bununla yanaşı, ermənilər tərəfindən basdırılmış minalardan 1991-ci ildən bu günədək 2 mindən çox adam zərər çəkib. Onlardan 400-ü dünyasını dəyişib, qalanları isə şikəst olub. Təxmini hesablamalara görə, işğal altındakı ərazilərin təqribən 4-6%-i minalanıb. Həmin ərazilərin təmizlənməsi üçün 10-12 il vaxt və 600 mln. dollardan artıq vəsait lazımdır.
Atəşkəsin elan edildiyi 13 il ərzində ermənilər nəzarət altında saxladığı ərazilərdəki bütün yaşayış məntəqələrini tamamilə dağıdıb, talan edib, yeraltı və yerüstü sərvətləri Ermənistana daşıyıblar. Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə apardığı hesablamalara görə, müharibə və erməni işğalı nəticəsində Azərbaycana 80 mlrd. ABŞ dollarına yaxın ziyan dəyib. Təkcə 2006-cı ildə Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan ərazilərin yandırılması nəticəsində Azərbaycana ekoloji və iqtisadi cəhətdən böyük zərər dəyib. Bütün bunlarla bərabər, erməni hərbiçilər Qarabağ ərazisinə külli miqdarda silah-sursat toplayıb, istehkamları möhkəmləndiriblər. Demək olar ki, düşmən hər il işğal olunmuş Azərbaycan ərazilərində 10 dəfədən çox irimiqyaslı hərbi təlimlər keçirir.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik-leyenant Eldar Sabiroğlu APA-ya açıqlamasında onda bu günədək atəşkəsin pozulması ilə bağlı dəqiq statistikanın olmadığını deyib: “Ermənilərin təxribat xarakterli bütün addımlarının qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınır. Atəşkəsi pozan Ermənistan ordusunun itkisi də az deyil. Sadəcə olaraq, onlar bu məlumatları ictimaiyyətdən maksimum gizlətməyə çalışırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR