Bank Of Baku

YAP icra katibi Əli Əhmədov: “bp-nin Azərbaycandakı keçmiş nümayəndəsi Les Abrahamsın açıqlamaları Azərbaycanın müxalifət qəzetlərində ciddi təhrif edilib”

YAP icra katibi Əli Əhmədov: “bp-nin Azərbaycandakı keçmiş nümayəndəsi Les Abrahamsın açıqlamaları Azərbaycanın müxalifət qəzetlərində ciddi təhrif edilib”
# 16 may 2007 13:19 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov APA-ya eksklüziv açıqlamasında bildirib ki, məqalə müxalifət qəzetlərində dərc olunduqdan sonra orada bir sıra ziddiyyətli məqamlar aşkar ediblər. Buna görə də partiya rəhbərliyi bu məqalənin orijinalını əldə edərək, Azərbaycanda nəşr olunan variantla müqayisə ediblər. Ə. Əhmədov bu zaman bir sıra təhriflərin və əlavələrin ortaya çıxdığını bildirib: “Müxalifət qəzetləri bu məqalədən faydalanaraq, Azərbaycan iqtidarına qarşı “hücuma” keçiblər. Biz müxalifət qəzetlərində çap olunmuş məqalələrin saxtalaşdırıldığının şahidi olduq. Bu orijinalda olan yazıdan bir sıra hallarda abzasların çıxarılması, əlavə fikirlərin artırılması ilə edilib. Məqalənin üzərində bu əməliyyatın aparılmasının məqsədi 1992-93-cü illərdə AXC-nin hakimiyyəti dövründə baş verən biabırçı olayların AXC dövründə yox, ondan sonrakı hakimiyyətin dövründə baş verdiyi təəsüratını yaratmaq məqsədi daşıyır”. Ə. Əhmədov bildirib ki, məqalədə açıq şəkildə göstərilir ki, baş verənlər 90-cı illərin əvvəlində olub. 1992-ci ilin sentyabrında bp ilə Azərbaycan arasında müqavilənin imzalanması faktının da qeyd olunduğunu deyən Ə. Əhmədovun fikrincə bu, hadisələrin AXC hakimiyyəti dövründə baş verdiyini təsdiq edir: “Əgər bp-nin o zamankı təmsilçisinin dediyi kimi neft müqaviləsini imzalamaq üçün bu qədər çirkli əməllərə əl atılıbsa, onda bunun baş verməsinə şərait yaradan AXC iqtidarı olub. Eyni zamanda vurğulanır ki, “Şahdəniz” yatağı ilə əlaqədar o zaman bp ilə AXC hakimiyyəti arasında razılaşma əldə edildikdən sonra Bakıda olan Marqaret Tetçerin iştirakı ilə Gülüstan sarayında ziyafət təşkil edilib. M. Tetçer İngiltərənin baş naziri vəzifəsindən gedəndən bir qədər sonra, 1992-ci ilin sonlarında Bakıya gəldi və bp ilə hakimiyyətin arasında gedən danışıqlarda iştirak etdi. Digər maraqlı fakt odur ki, məqalənin əsl orjinalında komendat saatı, şəhərdə silahlı adamların tüğyan etməsi mənzərələri təsvir olur ki, bu da hadisələrin AXC hakimiyyəti zamanında baş verdiyini göstərir. Bunlar AXC-nin Azərbaycanın milli sərvətinin talan edilməsi ilə bağlı gerçəklikləri əks etdirən məqalənin saxtalaşdıraraq, hadisələrin sonrakı dövrə aid olduğu görüntüsünü yaratmağa çalışıblar. Biz məqalənin əslini tapmaqla bunu sübut edirik. Onu tərcümə edənlər özləri tərəfindən əlavələr ediblər”. Ə. Əhmədov onu da qeyd edib ki, məqalədə rüşvət verilmə ilə bağlı konkret bir fikir olmadığı halda “Azadlıq” qəzeti yazıya məmurlara rüşvət verilməsi ilə bağlı əlavələr edib. Ə. Əhmədov Les Abrahamsın dediklərinin AXC dövrünə aid olmasının Pənah Hüseyn tərəfindən də təsdiq olunduğunu qeyd edib: “Pənah Hüseyn də bildirib ki, Ayaz Mütəlliboun dövründə neft müqavilələri AMAKO şirkəti ilə imzalanmışdı və AXC hakimiyyətə gələndən sonra yeni tender elan edildi, tenderin qalibi bp oldu. O bildirir ki, AXC hökumətinin istəyi və dəstəyi olmasaydı tenderin qalibi bp ola bilməzdi. Açıq şəkildə bp şirkəti ilə danışıqların aparılmasında AXC hakimiyyətinin maraqlı olduğunu Pənah Hüseyn təsdiqləyib. Məqalədə dəyişikliklər etmək siyasi etikaya sığmayan, siyasi ləyaqətin itirilməsini əks etdirən hərəkətdir”. Ə. Əhmədov məsələ ilə bağlı Mətbuat Şurasına müraciət ediləcəyini və yanlış məlumat yayın mətbuat orqanları ilə bağlı tədbir görülməsinin xahiş olunacağını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR