Bank Of Baku

“Mədəniyyətlər Dialoquna gedən yolda Dialoq Mədəniyyətinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib

“Mədəniyyətlər Dialoquna gedən yolda Dialoq Mədəniyyətinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib
# 19 may 2007 11:23 (UTC +04:00)
APA-nın məlumatına görə, BMT İctimai İnformasiya Departamenti (BMT İİD), UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Atatürk Mərkəzi və “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyası tərəfindən təşkil olunan tədbir Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Gününə həsr olunub. Tədbirdə çıxış edən Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov müasir dünyanın problemlərlə, münaqişələrlə zənginləşdiyini, bunları həll etməyin ən uyğun variantının dialoq olduğunu deyib. BMT İİD-nin Azərbaycanda nümayəndəsi Envera Selimoviç çıxışında tədbirin əsas məqsədinin mədəniyyətlər dialoquna gedən yolda vacib amil olan dialoq mədəniyyəti haqqında cəmiyyətin biliklərinin artırılması olduğunu qeyd edib. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bütün millətlərin inkişafı üçün yolun mədəniyyətlərarası dialoqdan keçdiyini, belə tədbirlərin tez-tez keçirilməsinin vacib olduğunu bildirib. Millət vəkili Rəbiyyət Aslanova da mövzunun aktuallığını qeyd edərək, qloballaşan dünyada insanların, mədəniyyətlərin bir-birinə yaxınlaşmaq istəyinin illüziyaya çevrildiyini vurğulayıb: “Bu məsələ həll olunsa, dünyada nə terror, nə etik, nə də dini konfliktlər yaşanmaz. Azərbaycanda keçirilən belə görüşlər onu göstərir ki, ölkəmiz bu problemlərin həll olunmasında yaxından iştirak edir”. “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Fuad Məmmədov isə Dünya Mədəniyyətlərinin Beynəlxalq Universitetinin yaranması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə təkliflər verdiklərini, bu universitetin sözügedən problemlərin həllində mühüm rolu olacağına ümid etdiyini deyib. Sonra millət vəkili Qənirə Paşayeva, UNESCO üzrə Milli Komissiyanın I katibi Emil Həsənov və başqaları mövzu ətrafında fikirlərini söyləyiblər.
Qeyd edək ki, BMT Baş Assambleyası 20 dekabr 2002-ci ildə 21 may tarixini Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günü elan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR