Bank Of Baku

“Azadlıq” bloku müxalifətin yeni birliyinə qoşulmaqla bağlı təklifi müzakirə edəcək

“Azadlıq” bloku müxalifətin yeni birliyinə qoşulmaqla bağlı təklifi müzakirə edəcək
# 21 may 2007 10:15 (UTC +04:00)
“Azadlıq” bloku Sədrlər Şurasının sabah keçiriləcək yığıncağında müxalifətin yeni birliyində təmsil olunmaqla bağlı təklif müzakirə ediləcək. Bu barədə APA-ya blokun SŞ-nın üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, ADP sədri Sərdar Cəlaloğlu ötən həftə Azərbaycan Naminə İctimai Forumun (ANİF) ofisində keçirilmiş görüşün iştirakçıları adından blok üzvlərinə müraciət edib: “Hələlik bu birliyin detalları dəqiq deyil. Biz bu detalları dəqiqləşdirib dəyərləndirdikdən sonra cavab verəcəyik. Mən aldadıcı təkliflərin və təşkilatlanmanın əleyhinəyəm. Bu vaxta qədər “Azadlıq” blokunda fəaliyyət göstərmişik və real addımlar atmışıq. Aldadıcı ümidlər verilməsinin, bir yerdə ola bilməyənlərin birləşməsinin tərəfdarı olmamışıq. Bəzən aldadıcı birliklər elektorata da psixoloji zərbə vurur. Digər tərəfdən, keçirilmiş toplantının tərkibi yekcins deyil. Biz həm tərkibə, həm perspektivə qiymət verib qərarımızı bildirəcəyik”. Blokun SŞ-nın digər üzvü, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət isə onlara yeni birlikdə təmsil olunmaqla bağlı hər hansı müraciət gəlmədiyini deyib: “Bizə bu barədə təklif daxil olmadığı üçün məsələ müzakirə obyekti də deyil”.
Qeyd edək ki, ötən həftə Azərbaycan Naminə İctimai Forumun (ANİF) ofisində müxalifət partiyalarının yeni birliyinin yaradılması istiqamətində ilkin görüş keçirilib. Görüşdə ANİF-un prezidenti Eldar Namazov, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Rəsul Quliyevin təmsilçisi kimi Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazov, AMİP lideri Etibar Məmmədovun nümayəndəsi, Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu iştirak ediblər. Toplantı iştirakçıları “Azadlıq” blokuna da birlikdə təmsil olunmağı təklif ediblər. Yeni birliyin əsas məqsədi müxalifətin aparıcı partiyalarının koordinasiyasının yaradılmasıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR