Bank Of Baku

Vurğun Əyyub: “Siyasi fəaliyyətimi dayandırmamışam”

Vurğun Əyyub: “Siyasi fəaliyyətimi dayandırmamışam”
# 21 may 2007 12:25 (UTC +04:00)
“Mən siyasi fəaliyyətimi dayandırmamışam. Ölkədə böyük siyasi fəallıq yoxdur ki, Vurğun Əyyub da bunun fonunda fəal olsun. Ölkədə nə qədər fəallıq varsa, mən də o qədər fəalam və proseslərdə də iştirak edirəm”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub deyib. Siyasi proseslərdən uzaqlaşması ilə bağlı fikirlərə münasibət bildirən V. Əyyub hazırda partiyada icra işlərinə məsul olmadığını, siyasi fəaliyyətini yalnız qərarverici orqan olan Divanda həyata keçirdiyini xatırladıb. Siyasi fəaliyyətini dayandıraraq öz ixtisasına uyğun olaraq ədəbiyyat sahəsində çalışacağı haqda deyilənlərə gəldikdə, V. Əyyub bunun üçün heç bir şərait olmadığını söyləyib: “1993-cü ildə işlədiyim universitetdən qeyri-qanuni şəkildə uzaqlaşdırılmışam. O vaxtdan nə təhsil müssisələrində, nə də digər sahələrdə işləməyim üçün şərait yaranmayıb. Həmişə fəal siyasətdə olmuşam, indi də belədir. Mən belə də davam etməyin tərəfdarıyam. Son vaxtlar ədəbi mövzularda yazılarla çıxış etməyim isə vaxt qazanmağımla bağlıdır. Partiyada icra işləri xeyli vaxtımı alırdı. Amma mən baş katib, birinci müavin olanda da ədəbi yazılarla çıxış etmişəm”. Elm sahəsi ilə bağlı planlarının olub-olmadığına dair sualı cavablandıran V. Əyyub bildirib ki, yaxınlarının bununla bağlı təklif və istəkləri olsa da, hələlik bu barədə düşünmür: “Elmi araşdırmalar aparmaq istərdim, amma şərait yoxdur. Bunun üçün elm ocağında çalışmaq, elmi mühitdə olmaq vacibdir. Hakimiyyət isə müxalifətdəki insanları xalq düşməni gözündə görür və onları işsizlik, yoxsulluq, cəmiyyətdən təcrid olunmaq taleyinə məhkum edir”. V. Əyyub siyasi fəallığın aşağı olmasını cəmiyyətdə hakimiyyətin demokratik üsulla dəyişəcəyinə inamın itməsi ilə izah edib. Siyasi proseslərin müəyyən mənada cəmiyyətin durumundan asılı olduğunu vurğulayan Müsavatın Divan üzvünün sözlərinə görə, hakimiyyət ölkədə siyasi azadlıqları müəyyən vasitələrlə əngəlləyir: “Partiyaların fəaliyyəti üçün şərait yoxdur, onlar qərargahlarından çıxarılır, maliyyə sıxıntıları var. Bundan başqa, müxalifət adına yalançı qruplar düzəldib müxalifətdaxili münasibətləri pozurlar. Müxalifətin öz liderləri içərisində də birlik istiqamətində addımların atılmaması fəallığı zəiflədir. Təəssüf ki, bəzən müxtəlif fikir ayrılıqlarını konflikt səviyyəsinə çatdırmağa cəhd edənlər də tapılır. Amma bütün bunlarla bərabər hesab edirəm ki, prezident seçkiləri yaxınlaşdıqca, siyasi fəallıq artacaq”. V. Əyyub deyib ki, müxalifət liderləri arasında qarşılıqlı ittihamların dayandırılması üçün nüfuzlu partiyalar müəyyən müddət barələrində səslənən ittihamlara cavab verməməklə bağlı qərar qəbul etməlidir. O, hazırda Müsavatda bununla bağlı müzakirələr aparıldığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR