Bank Of Baku

Deputatlar Milli Məclisdə cari məsələlərin müzakirəsi zamanı bir neçə problemə toxunublar

Deputatlar Milli Məclisdə cari məsələlərin müzakirəsi zamanı bir neçə problemə toxunublar
# 22 may 2007 11:04 (UTC +04:00)
Bu gün Milli Məclisin növbəti iclası keçirilib. APA-nın məlumatına görə, cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputatlar bəzi məsələlərə münasibət bildiriblər. Mübariz Qurbanlı bildirib ki, deputatların cari məsələlərin müzakirəsi zamanı etdiyi çıxışlar mətbuata ünvanlanıb: “Belə çıxışlar etmək lazım deyil. Ona görə də parlament bu barədə fikirləşməlidir ki, cari məsələlər qalsın, ya qalmasın”. Fazil Qəzənfəroğlu isə bu təkliflə razılaşmayaraq deputatın istənilən məsələyə münasibət bildirmək hüququ olduğunu söyləyib. O, bir neçə jurnalistin həbsi məsələsinə də toxunub və bunu pisləyib. Gülhüseyn Əhmədov Milli Məclisdə Dağlıq Qarabağla bağlı komissiyanın yaradılmasını, Bahar Muradovanın həmin komissiyaya rəhbərlik etməsini təklif edib. Pənah Hüseyn də Dağlıq Qarabağla bağlı komissiyanın yaradılması təklifini dəstəkləyib, eyni zamanda mətbuata təzyiqlərdən danışıb. İqbal Ağazadə isə “Diffamasiya haqqında” qanunun qəbul olunmasının, həbsdə olan jurnalistlərin azadlığa buraxılmasının vacibliyini vurğulayıb: “Niyə yalnız müxalifət qəzetlərinin əməkdaşları həbs olunur?” Siyavuş Novruzov Dağlıq Qarabağla bağlı komissiyanın yaradılması təklifinin əleyhinə çıxıb. O, həbsdə olan jurnalistlərin konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunduğunu deyib: “Onlar jurnalist loqosu altında min əməldən çıxırlar”. Qüdrət Həsənquliyev Culfa rayonunun Əbrəqunus kəndinə qəsəbə statusu verilməsini təklif edib. Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov isə ona müvafiq komissiyaya müraciət etməyi məsləhət görüb. Cəmil Həsənli Ermənistan parlamentində Dağlıq Qarabağla bağlı komissiyanın olduğunu bildirərək, Azərbaycan Milli Məclisində də analoji komissiyanın yaradılmasının vacibliyini qeyd edib. Aydın Mirzəzadə isə bu təklifin əleyhinə çıxıb.
Səslənən təkliflərə münasibətini bildirən Ziyafət Əsgərov Dağlıq Qarabağla bağlı komissiyanın yaradılmasına ehtiyac olmadığını vurğulayıb: “Çünki bu məsələ ilə prezident və xarici işlər naziri məşğuldur”. Z. Əsgərov Azərbaycanda söz və mətbuat azadlığı üçün də hər cür şərait olduğunu bildirib: “Gəlin görək “Diffamasiya haqqında” qanunu hansı ölkələr qəbul edib? Sizcə, bu xalq təhqirə layiqdir? Bu qanun məhz bunu təbliğ edir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR