Bank Of Baku

İsrail parlamentində prezident səlahiyyətlərinin icraçısı Daliya İsiqin iştirakı ilə Azərbaycanın Respublika Günü qeyd olunub

İsrail parlamentində prezident səlahiyyətlərinin icraçısı Daliya İsiqin iştirakı ilə Azərbaycanın Respublika Günü qeyd olunub
# 25 may 2007 11:04 (UTC +04:00)
APA-nın İsrail bürosunun xəbərinə görə, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (AZİZ) tərəfindən təşkil olunan mərasimi Knessetin sədri, prezident səlahiyyətlərinin icraçısı Daliya İsiq açıb. O, çıxışında Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirib və Azərbaycandan köçən şəxslərin İsrail cəmiyyətinin inkişafına mühüm töhfələr verdiklərini bildirib: “Təqdirəlayiqdir ki, Azərbaycandan köçüb 10-15 ildir burada yaşayan insanlar əsl israilli olmalarına baxmayaraq, gəldikləri ölkənin tarixini, mədəniyyətini, adət-ənənələrini unutmurlar. İsrail Knesseti sizin evinizdir, biz həmişə sizləri burada gözləyirik”. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti, Knessetin üzvü, İsrail-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri İosif Şaqal isə ilk dəfədir ki, İsraildə, Knessetin binasında Azərbaycanın Respublika Gününün qeyd olunduğuna diqqət çəkib: “17 il əvvəl Azərbaycanı tərk edəndə Knessetin deputatı olacağımı və Azərbaycanın Respublika Günü münasibətilə bayram tədbiri təşkil edəcəyimi söyləsəydilər, inanmazdım”. İ. Şaqal İsrailin Azərbaycandakı səfiri Artur Lenk və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla birlikdə ABŞ-a gerçəkləşdirdiyi səfər haqqında da məlumat verib. O, ABŞ-dakı nüfuzlu yəhudi lobbisinin nümayəndələri ilə görüşdüklərini və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etdiklərini deyib. Çıxışının sonunda İ. Şaqal Azərbaycan xalqını bayram münasibətilə təbrik edib. Beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut isə Azərbaycanın Cənubi Qafqaz regionunda oynadığı roldan danışıb. O, müstəqillik qazandıqdan sonra Azərbaycanın çətin yol keçdiyini, Ermənistanla müharibə aparmalı olduğunu, ərazilərinin 20 faizini itirdiyini, 1 milyon insanın qaçqın-köçkün vəziyyətinə düşdüyünü vurğulayıb. Ekspertin sözlərinə görə, Cənubi Qafqazla Mərkəzi Asiya ABŞ və onun müttəfiqləri ilə Rusiya, İran, Çin kimi dövlətlərin maraqlarının toqquşduğu regionlardır. A. Qut Azərbaycanın ABŞ, Rusiya, Türkiyə və İranla münasibətlərini də təhlil edib. Tədbirdə “Bizim evimiz -İsrail” Partiyasının nümayəndələri Robert İlatov və Aleks Miller, Türkiyənin İsraildəki səfiri Namiq Tan, Gürcüstanın İsraildəki səfiri Laşa Jvaniya da təbrik nitqi söyləyiblər. Mərasimdə iştirak edən Azərbaycan Milli Məclisinin deputatları Lalə Abbasova və Səfər Məmmədov çıxışlarında İsraillə Azərbaycan arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR