Bank Of Baku

Xələf Xələfov: “Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində qəbul olunacaq bəyannamə siyasi sənəddir”

Xələf Xələfov: “Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində qəbul olunacaq bəyannamə siyasi sənəddir”
# 22 iyun 2007 15:22 (UTC +04:00)
APA-nın məlumatına görə, X. Xələfov deyib ki, konfrans Xəzərin statusu ilə bağlı danışıqlar prosesində növbəti addım kimi qiymətləndirilə bilər: “Ekspertlər səviyyəsində müzakirəsi davam etdirilən və bəzi razılaşdırılmamış məsələlər nazirlər səviyyəsində müzakirə olundu və açıq qalan məsələlər üzrə konsensus əldə edildi. Nazirlər Xəzər dənizinin hüquqi statusunun bütün aspektləri barədə, o cümlədən Xəzər dənizində beynəlxalq əməkdaşlıq, regional əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər barəsində geniş fikir mübadiləsi aparıblar. Qərar qəbul olundu ki, razılaşdırılmış bəyannamə layihəsi dövlət başçılarına məruzə olunsun və məruzə olunandan sonra sammitin keçirilməsi barədə fikir mübadiləsi aparılsın və tədbirin tarixi müəyyənləşdirilsin”. Daha sonra jurnalistlərin suallarını cavablandıran X. Xələfov bildirib ki, prezidentlərin sammitində qəbul edilməsi gözlənilən bəyannamə siyasi sənəddir: “Sənəddə əks olunan müddəalar da siyasi xarakter daşıyır. Bunlar əsasən siyasi çərçivələr və siyasi modellər yaradan müddəalardır. Ona görə bu sənəddə hüquqi statusun konvension normaları barədə söhbət getmir, bu bəyannamə ilə hüquqi statusun siyasi çərçivələri müəyyən olunur. Bu layihədən sonra işçi qrupu səviyyəsində konkret hüquqi normaların razılaşdırılması və konvensiyanın razılaşdırılması işi davam etdiriləcək”.
Xəzər dənizinin statusu ilə bağlı çox tərəfli müzakirələrlə yanaşı ikitərəfli danışıqların da aparıldığını deyən X. Xələfov bu yaxınlarda İranın nümayəndə heyətinin Bakıya gələcəyini və Azərbaycanın nümayəndə heyətinin iyulun ikinci yarısında Aşqabada gedəcəyini deyib. İranda aparılan Azərbaycan-İran ikitərəfli danışıqlarda İranın Bakı-Tiflis-Ceyhan neft kəmərinə qoşulması ilə bağlı müzakirələrə aydınlıq gətirən nazir müavini deyib ki, söhbət İranın bu kəmərə qoşulmasından getmir: “Söhbət İranla Azərbaycan arasında enerji sahəsində əməkdaşlıqdan gedir. Bu sahəyə çoxlu maraq var və böyük imkanlar mövcuddur. Bu istiqamətdə bizim müvafiq orqanlarımız əməkdaşlığın konkret istiqamətlərini müəyyən etmək üçün əlavə danışıqlar apararaq görüşlər keçirəcəklər. Əməkdaşlıq sahələrinə həm neft-qaz sektoru, həm elektrik enerji sahəsi, həm elektrik enerjisinin hasil olunması üçün stansiyaların qurulması məsələləri daxildir”. Orta Asiya qazının İran vasitəsilə Azərbaycana nəql edilməsi fikrinə münasibət bildirən diplomat deyib ki, bu model çox böyük imkanlar yaradır: “Bu cür məsələlər iqtisadi baxımdan əsaslandırılır, ona görə ki Azərbaycan regionda mövqeyini möhkəmləndirib və iqtisadi layihələrdə iştirak edir. Ölkəmiz regional əməkdaşlıqda maraqlıdır, bu baxımdan hər hansı region dövləti ilə birgə
layihə həyata keçirilməsi istisna deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR