Bank Of Baku

Koreyanın Azərbaycandakı səfiri Lyu Kvanq Çol: “Əlaqələrimiz ağlasığmaz templə inkişaf etməkdədir”

Koreyanın Azərbaycandakı səfiri Lyu Kvanq Çol: “Əlaqələrimiz ağlasığmaz templə inkişaf etməkdədir”
# 26 iyul 2007 10:51 (UTC +04:00)
- Koreya Respublikası ilə Azərbaycan arasında münasibətləri necə qiymətləndirirsiniz?
- İkitərəfli əlaqələr hazırda ağlasığmaz templə inkişaf etməkdədir. Biz bu qədər sürətli inkişafı gözləmirdik. Prezidentimizin ötən il Azərbaycana səfəri ölkələrimiz arasında qarşılıqlı münasibətlərdə buzqıran rolunu oynadı. Azərbaycandan Koreyaya və əks istiqamətdə çoxsaylı səfərlər gerçəkləşdirilib. Bunlar həm hökumət səviyyəsində, həm də şəxsi xarakterli səfərlər olub. Səfərlər sırasında tərəflər ən ciddi əməkdaşlıq sahələrini görüblər. Bu il prezident İlham Əliyev də Koreyaya çox uğurlu səfər edib.
- Prezidentlər 30-dan çox razılaşma imzalayıblar. Bunlar necə reallaşdırılır?
- Sənədlərin imzalanması hər iki tərəfin siyasi iradəsini nümayiş etdirir. Əməkdaşlığımızın təməl aspektlərini əks etdirən bu sənədlər hazırda həyata keçirilməkdədir. İnkişaf templəri bir çox halda konkret sənəddən asılı olur. Bəzən sənədlər çox tez (məsələn, nəqliyyatla bağlı razılaşmada olduğu kimi), bəzən isə çox yavaş (məsələn, gəmiqayırma zavodunun tikintisi ilə bağlı layihə) yerinə yetirilir.
- Ölkələrimizdə qarşılıqlı olaraq mədəniyyət günləri də keçirilib. Bu sahədə əlaqələr necə inkişaf edir?
- 2005-ci ildə biz Azərbaycanda Koreya Mədəniyyət Günləri keçirdik və tədbirlər çox uğurlu alındı. Bir çox konsert və sərgilər təşkil olundu. Ötən il Koreyadan bir sıra rəqs kollektivləri, o cümlədən “Summerlori” və “Crossover” qrupları Azərbaycanda oldular. Bundan başqa, biz Bakı Dövlət Universitetində akademik simpozium keçirdik.
- Azərbaycan universitetlərində Koreya dili öyrədilir. Bəs Koreyada Azərbaycan dilinə maraq göstərilirmi?
- Bəli, 10 ildən çoxdur ki, Azərbaycan Dillər Universitetində Koreya dili tədris edilir. Fakültənin məzunları çox fəaldır. Onların bir hissəsi həm bizim səfirlikdə, həm də Azərbaycanın Koreyadakı səfirliyində, digər hissəsi isə Azərbaycanda fəaliyyət göstərən və sayı gündən-günə artan Koreya şirkətlərində çalışır. Hazırda Koreyada Azərbaycan dilinə böyük maraq olduğunu düşünmürəm, amma hesab edirəm ki, əlaqələrimiz daim inkişaf etdiyi üçün bu maraq getdikcə artacaq.
- Səhv etmiriksə, Koreya Respublikası Cənubi Qafqazda ilk olaraq Azərbaycanda səfirlik açıb.
- Bəli, bu, Cənubi Qafqaz regionunda bizim ilk səfirliyimizdir. Azərbaycan regionun ən önəmli ölkəsidir. Ancaq təbii ki, biz digər Cənubi Qafqaz ölkələrində də səfirlik açmağı planlaşdırırıq.
- Koreyanın Dağlıq Qarabağ münaqişəsi və bu yaxınlarda orada keçirilmiş “seçkilər”lə bağlı rəsmi mövqeyi necədir?
- Bizim mövqeyimiz kifayət qədər aydındır. Biz münaqişənin sülh yolu ilə həllini, həmçinin ATƏT-in Minsk Qrupunun səylərini və BMT-nin mövqeyini dəstəkləyirik. “Seçkilər” məsələsinə gəlincə, Koreyanın bununla bağlı hər hansı rəsmi mövqeyi yoxdur.
- Koreya ilə Azərbaycan arasında viza rejiminin yumşaldılacağı ilə bağlı xəbər yayılıb.
- Hazırda bu məsələ üzərində işləyirik. Azərbaycan hökumətinə müvafiq nota təqdim etmişik və cavab gözləyirik. İlkin olaraq söhbət diplomatik və xidməti pasportlardan gedir. Daha sonra isə biznes-pasportlarla bağlı məsələyə baxmaq olar
- İki ölkə arasında ticarət dövriyyəsi hansı həcmdədir?
- Ticarət dövriyyəsi qeyri-qənaətbəxşdir. Koreyanın rəsmi statistikasına əsasən 2006-cı ildə Azərbaycana 47 milyon dollarlıq mal ixrac edilib. Azərbaycandan isə cəmi 13 min dollarlıq məhsul idxal olunub. Biz sizin ölkənizdən neft almağa başlasaq, bu rəqəm ciddi şəkildə yüksələcək. Düzünü deyim ki, ötən il bizim şirkətlərimizdən biri Azərbaycandan neft idxal edib, ancaq bu, statistikaya salınmayıb.
- Enerji sektorunda əlaqələrin inkişafını necə qiymətləndirirsiniz?
- Ötən il biz “İnam” yatağı ilə bağlı Azərbaycan hökuməti ilə saziş imzaladıq. Hazırda bu məsələyə dair məsləhətləşmələr yekun mərhələyə çatıb. Fikrimcə, artıq müqavilə imzalamağın vaxtı çatıb. Müqavilənin bu il imzalanması mümkündür. İmza üçün bizim neft şirkətlərinin nümayəndələri Azərbaycana gələcəklər.
- Koreya hökuməti Azərbaycanda elektron hökumətin yaradılması üçün vəsait ayırmağa hazırlaşırdı. Bu layihə necə inkişaf edir?
- Ötən il bununla bağlı saziş imzalanıb, amma söhbət maliyyələşdirmədən yox, proqram təminatının təqdim olunmasından gedir. Koreya bu modelin ən çox inkişaf etdiyi ölkələrdən biridir. Ona görə də biz Azərbaycana kömək etməyə hazırıq. Hazırda hansı Koreya şirkətlərinin bu məsələ ilə məşğul olacağı bəlli deyil.
- Aviasiya sahəsində əməkdaşlıqla bağlı da saziş imzalanıb, amma hər hansı irəliləyiş nəzərə çarpmır.
- Bu razılaşma mənimlə “AZAL”ın prezidenti cənab Əsgərov arasında keçən il imzalanıb. Bununla siyasi iradə ortaya qoyulub. Ancaq aviaşirkətlər arasında razılıq da olmalıdır, çünki bu, ilk növbədə kommersiya sazişidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR