Bank Of Baku

Əvəz Temirxan: “Sabir Rüstəmxanlı kimi tanınmaq istəmirəm”

Əvəz Temirxan: “Sabir Rüstəmxanlı kimi tanınmaq istəmirəm”
# 26 iyul 2007 15:36 (UTC +04:00)
“Siyasi mübarizədə təhqirdən istifadə etmək siyasi zəiflik əlamətidir və rəqibinin haqlı olduğuna işarədir. Sabir Rüstəmxanlı məni təhqir edib və bizə qarşı təhqir işlədən insanlara cavab verməyə hazırıq”. Bunu APA-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan bildirib. Mətbuata açıqlamasında S.Rüstəmxanlının onu təhqir etdiyini iddia edən sədr əvəzi “Azadlıq” blokundan seçilmiş deputatlar istisna olunmaqla digər deputatların əksərinin qeyri-demokratik yolla mandat alması ilə bağlı fikirlərinin üzərində qaldığını qeyd edib: “Amma bu, Sabir Rüstəmxanlı, Əli Məsimli, Vahid Əhmədova aid deyil. Sabir Rüstəmxanlının partiyasından seçilən deputatlar isə xalq tərəfindən səs almayıb. Mən şübhə etmirdim ki, o, xalqdan səs ala bilməz. Amma araşdırma apardım və bəlli olur ki, seçkilərdə öz dairəsindən cəmi 3 faiz səs ala bilib. Yaxşı olar ki, belə faktlardan danışaq, təhqir səslənməsin. Sabir Rüstəmxanlı bildirir ki, guya Əvəz Temirxan tanınmaq məsələsində əziyyət çəkir. Mənim tanınmaq problemim yoxdur. Sabir bəyin son illər yeritdiyi siyasəti izlədikdə, şəxsən mən onun kimi tanınmaq istəmirəm. İstənilən dairədə onunla eyni dairədə namizəd olaram və nəticə kimin mövqeyinin xalq tərəfindən dəstəkləndiyini sübut edər. Ona məsləhət görürəm ki, təhqirli polemikaya başlamasın”.
Sabir Rüstəmxanlı isə APA-ya açıqlamasında Ə. Temirxanın dediklərinin başdan-ayağa böhtan olduğunu qeyd edib: “Əgər özündə belə cəsarət tapırsa, mənim deputat seçildiyim Yardımlıya, Masallıya getsin, orada 3 faiz səs aldığımı desin və görsün ki, necə pis vəziyyətdə qalır. Əslində o özü mənə böhtan atır və buna görə də mən onu məhkəməyə verə bilərəm. Mənim şəxsiyyətimlə bağlı yalan məlumatlar yayır. Sözü varsa, söz danışsın, onun-bunun haqqında cəmiyyətdə şübhə yaratmaq siyasi fəaliyyət deyil. Necə olur ki, parlamentə gəlməyənə kimi cəmiyyətdə o qədər də tanınmayan müsavatçı deputatlar həqiqətən səs ala bilirlər, amma 20 il bütün Azərbaycanda tanınan şəxs öz doğulduğu rayondan yetərli səs ala bilmir?” S. Rüstəmxanlı Ə. Temirxana məsləhət görüb ki, öz tədqiqatlarını davam etdirsin, seçki protokollarını üzə çıxarsın, sübutlar təqdim etsin: “Əgər dediklərini sübut edə bilməsə, o zaman mənim haqqım olacaq ki, onun böhtan atdığını bildirim və məhkəməyə müraciət edim”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR