Bank Of Baku

Arif Hacılı: “Müsavatın Lalə Şövkət problemi yoxdur”

Arif Hacılı: “Müsavatın Lalə Şövkət problemi yoxdur”
# 27 iyul 2007 11:14 (UTC +04:00)
“Müsavat hakimiyyətə müxalifətdə olan partiyadır. Müsavatın Lalə Şövkət problemi yoxdur”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri Arif Hacılı Milli Birlik Hərəkatının lideri Lalə Şövkətin Müsavat funksionerlərinin ona qarşı kampaniya aparması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. A. Hacılının sözlərinə görə, indi bəzi müxalifət partiyaları və onların liderləri konkret siyasi fəaliyyətlə məşğul deyillər: “Onlar daha çox Müsavatın fəaliyyətini analiz etməklə və ya partiya nümayəndələri barədə hansısa fikirlər söyləməklə siyasi gündəmdə qalmaq istəyirlər. Müsavatda kimlərinsə Lalə Şövkət və ya başqası haqqında kampaniya aparması haqqında fikirlər yanlışdır”. Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər isə bildirib ki, Lalə Şövkətdə belə faktlar varsa, həmin şəxslərin adlarını və hansı addımları atdıqlarını açıqlamalıdır. Lalə Şövkətə qarşı hər hansı kampaniya aparmağa ehtiyac olmadığını vurğulayan S. Əkbər kiminsə bu fəaliyyətlə məşğul olması haqda məlumatsızdır. Lalə Şövkətin “Yeni Müsavat” qəzeti ilə bağlı fikirlərinə gəldikdə, S. Əkbər qəzetin partiyanın orqanı olmadığını söyləyib: “Bu qəzetin Müsavat Partiyasının özünün bir çox funksioneri ilə ciddi problemləri var. Belə olan halda Lalə xanımın qəzetdə yazılanlara görə Müsavat Partiyası haqqında ümumi fikrə gəlməsini düzgün hesab etmirəm”.
“Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxan isə qəzetin Müsavat funksionerləri tərəfindən idarə olunmadığını və Lalə Şövkətə qarşı hər hansı kampaniya aparılmadığını qeyd edib: “Sadəcə, Lalə Şövkətin yanında Əvəz Temirxan adlı adam var. O, yeri gəldi-gəlmədi, bizi sancır və bu zaman biz ona cavab vermək məcburiyyətində qalırıq. Lalə Şövkət və Əvəz Temirxan bir-birinə bağlı adamlar olduğundan istər-istəməz cavabımızda onun da adını çəkirik”. A. Ayxanın fikrincə, L. Şövkətin dövranı keçir və o, siyasi mübarizədə heç bir nəticə əldə edə bilmir: “Buna görə də indi onda müəyyən komplekslər formalaşmağa başlayıb və hirsini jurnalistlərin, digər siyasətçilərin üzərinə tökür. Ona məsləhət görürük ki, uğursuzluqlarında jurnalistləri ittiham etməsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR