Bank Of Baku

ADP razılaşdırılmamış aksiyalarla iştirak etməyəcək

ADP razılaşdırılmamış aksiyalarla iştirak etməyəcək
# 27 iyul 2007 11:59 (UTC +04:00)
“İndiyə kimi müşahidə etdiklərimiz sübut edib ki, icazəsiz aksiyalarla məqsədə yetişmək mümkün deyil. Buna görə də Azərbaycan Demokrat Partiyası bundan sonra razılaşdırılmamış aksiyalarla iştirak etməyəcək”. Bunu APA-ya açıqlamasında ADP sədrinin birinci müavini Həsrət Rüstəmov bildirib. Hazırkı siyasi şəraitin bir müddət davam edəcəyini bildirən H. Rüstəmov ADP-nin 2001-ci ildə başladığı icazəsiz kütləvi aksiyalar zamanı mövcud olan şəraitlə müqayisədə bugünkü şəraitin kifayət qədər pisləşdiyini qeyd edib: “Biz kütləvi aksiyalarla hansısa problemin həlli perspektivini mümkün hesab etmirik. O cümlədən partiyanın Ali Məclisinin qərarı ilə kütləvi aksiyalar taktikasında dəyişiklik edilib. Bu qərar qüvvədə olduğu müddətdə ona əməl etmək məcburiyyətindəyik”. H. Rüstəmov Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun 2008-ci il prezident seçkilərində razılaşdırılmamış yerlərdə keçiriləcək aksiyaların qarşısının alınacağı ilə bağlı açıqlamasına gəldikdə, H. Rüstəmov hesab edir ki, hakimiyyət bu aksiyaların qarşısını almamalı, əksinə, aksiyaların təhlükəsizliyinin təmini barədə düşünməlidir: “Şəhər rəhbərliyinin ayırdığı yerlər aksiyalar üçün şəraiti olmayan yerlərdir. Bu da qəsdən seçilib ki, mitinq keçirmək çətin olsun”.
Müsavat Məclisinin sədri Sülhəddin Əkbər isə Ə. Həsənovun açıqlamasının hakimiyyət öz siyasətini dəyişmək fikrində olmadığını göstərdiyini qeyd edib: “Əgər prezidentliyə namizədlərə onların istədikləri yerlərdə görüşlər keçirməyə icazə verilməyəcəksə, təbii ki, bu zaman hansı addımın atılacağı həmin dövrdə konkret şəraitdən asılı olacaq. Biz həmin şəraitə uyğun olaraq konkret qərarlar qəbul edəcəyik. Hələlik vaxta var, Venesiya Komissiyasında sərbəst toplaşmaq azadlığı ilə bağlı müzakirələr aparılır. Çox təəssüf ki, hələ hakimiyyətlə müxalifətin dialoqu baş tutmur. Dialoq baş tutsa və hakimiyyət normal şərait yaratsa, o zaman icazəsiz yürüş-mitinqlər keçirməyə ehtiyac qalmayacaq. Bu zaman hakimiyyət də aksiyaların qarşısını almaqda maraqlı olmayacaq. Çünki 2008-ci il 2003-cü il deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR