Bank Of Baku

Ukrayna Avropa Hərəkatının üzvü Əvəz Kazımov: “Qərbi və Şərqi Ukrayna arasında konsensus əldə edilməsi çətindir”

Ukrayna Avropa Hərəkatının üzvü Əvəz Kazımov: “Qərbi və Şərqi Ukrayna arasında konsensus əldə edilməsi çətindir”
# 29 sentyabr 2007 10:27 (UTC +04:00)
“Bu gün səhər saatlarından Ukraynada parlament seçkiləri ilə bağlı təbliğat dayandırılıb, küçələrdən plakatlar yığışdırılıb. Seçki kampaniyasının gərgin keçməsinə baxmayaraq, ölkə paytaxtında hər hansı qarşıdurma ab-havası hiss olunmur”. Bunu APA-ya açıqlamasında Ukrayna vətəndaşı, Ukrayna Avropa Hərəkatının üzvü Əvəz Kazımov deyib. O, hər hansı qarşıdurmanın və total saxtakarlığa əl atılmasının tamamilə istisna edildiyini bildirib: “Buna baxmayaraq, paytaxtın müəyyən yerlərində az da olsa, belə niyyətlər hiss edilir. Regionlar Partiyası kampaniya dövründə Müstəqillik Meydanında tribuna qurmuşdu. Həmin tribunanın üzərindəki təbliğat plakatları çıxarılsa da, tribuna özü hələ qalır. Ona görə də seçki pozuntularının olacağı halda, bu partiyanın etiraz aksiyalarına başlayacağını söyləyənlər var. Amma total saxtakarlıq ehtimalı sıfıra bərabərdir. Burada problem yaradan yeganə məsələ Ukraynanı iki əks qütbə - şərqə və qərbə bölünməsidir. Ölkənin qərb hissəsi NATO və Avropa, şərq hissəsi isə Rusiya ilə inteqrasiyanın tərəfdarıdır. Buna görə də iki istiqamətin konsensusu bir qədər mürəkkəb görünür. Regionlar Partiyasının əsas seçkiqabağı şüarı da məhz NATO-ya daxil olmamaqla bağlı idi. Məhz bu baxışlara görə ölkədə elektoral baza cüzi fərq olmaqla yarıya bölünüb”. Namizədlər siyahısında 4 azərbaycanlının yer aldığını qeyd edən Ə. Kazımov onlardan yalnız ”Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokunun namizədlər siyahısında 67-ci yerdə olan Eduard Zeynalovun seçilmək şansının 100 faizlik olduğunu bildirib. Burzu Əliyev isə həmin blokun siyahısında 107-ci yerdədir və onun da seçilmək şansı var. Digər iki azərbaycanlı - Vladimir Litvinin Blokunun siyahısında 186-cı yerdə olan Vilayət Quliyev və “Aqrar Ukrayna” blokunun siyahısında 7-ci yerdə olan Sənan Ələkbərovun isə seçilməsi mümkün deyil.
Qeyd edək ki, Ukraynada keçirilən seçkilərdə 20 partiyadan 4857 namizəd iştirak edir. Seçki tam proporsional sistem üzrə keçirilir. Seçki kampaniyasının favoritləri Regionlar Partiyası, “Yuliya Timoşenko” və “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” bloklarıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR