Bank Of Baku

Analiz: Gürcüstanda növbəti “Qızılgül inqilabı” təhlükəsi?

Analiz: Gürcüstanda növbəti “Qızılgül inqilabı” təhlükəsi?
# 01 oktyabr 2007 12:07 (UTC +04:00)
“Qızılgül inqilabı”ndan sonra Gürcüstanda hakimiyyətə gələn şəxslər sırasında bəlkə də ən gözlənilməz və maraqlı fiqur İrakli Okruşavili sayıla bilərdi. Gənc bir siyasətçinin ölkənin Silahlı Qüvvələri kimi önəmli bir strukturuna rəhbər təyin olunması, sonradan daha bir neçə postda ona etimad göstərilməsi Okruaşvilini daim maraq və tənqid hədəfinə çevirmişdi. Ona olan maraq qəflətən qərar qəbul edərək Saakaşvili komandasını tərk etdikdən sonra da azalmayıb. Son açıqlamaları və həbsi ilə Gürcüstanın siyasi gündəmini alt-üst edən Okruaşvili ölkədə bir neçə prosesi stimullaşdırıb ki, bunlardan birincisi və ən önəmlisi Saakaşvili hakimiyyətinə qarşı sürətlə yeni müxalifət formalaşmasıdır.

Bu prosesin ilkin dəyərləndirməsi göstərir ki, Saakaşvili hökumətinə qarşı çıxan qüvvələr müxtəlif baxışları və siyasi meylləri ifadə edən şəxslərdən ibarətdir. Hazırda Gürcüstan hakimiyyətinə müxalif mövqedə duran düşərgənin ana sütununu “Qızılgül inqilabı”nda prezidentlə birlikdə iştirak etmiş komandanın sabiq üzvləri təşkil edir. İrakli Okruaşvilinin həbsindən sonra prezidentin sabiq tərəfdaşlarından heç də hamısı mövqe nümayiş etdirməyib və bir sıra önəmli fiqurlar hələlik gözləmə mövqeyi tuturlar. Müxtəlif dövrlərdə, ən müxtəlif bəhanələrlə hakimiyyətdən uzaqlaşdırılan bu şəxslərin əvvəllər bir araya gəlməsini stimullaşdıran amil olmadığına görə, həmin şəxslər ayrı-ayrılıqda hakimiyyət üçün təhlükə mənbəyi hesab olunmayıb. İrakli Okruaşvilinin həbsindən sonra qısa müddət ərzində formalaşdırılan “Saakaşvilisiz Gürcüstan” hərəkatı sabiqlərin simasında yeni və kifayət qədər samballı müxalifət qüvvələrinin meydana çıxacağını söyləməyə əsas verir.

Prezident Saakaşvilinin dərhal hər kəs üçün yeni, özü üçün köhnə olan müxalifəti Rusiya ilə işbirliyində ittiham etməsi gözlənilən addım olsa da, “Saakaşvilisiz Gürcüstan” hərəkatının təsisçiləri Rusiyanın kadrları sayılan İqor Georqadze və İrina Sarişvilinin öz sıralarında görmək istəmədiklərini açıqlamaqla prezidentin ittihamlarını hələlik heçə endiriblər. Bununla belə, hadisələrin indiki gedişi sürətlə təşkilatlanan yeni müxalifətin hansı xarici dəstək subyektinə meyllənəcəyini, hakimiyyətin prosesləri sonadək nəzarətdə saxlaya bilib-bilməyəcəyini proqnozlaşdırmağa imkan vermir. Hələlik, məlum olan budur: Saakaşvili ona qarşı sərt ittihamlar irəli sürən, hakimiyyət mətbəxinin ən gizlin sirlərinə bələd olan sabiq komanda yoldaşlarından birini həbs etdirib, bu addım Gürcüstanda prezidentin sabiq hökumət üzvlərindən ibarət yeni elitar müxalifətin meydana çıxmasına səbəb olub, bu müxalifət regionlarda və hakimiyyət daxilində dəstəyə, Badri Patarkaçişvilinin timsalında maddi gücə və ictimai rəyə güclü təsir vasitəsi olan telekanala sahibdir.
Mövcud qüvvələr balansının dəyərləndirilməsi hadisələrin inkişafının ölkədə siyasi repressiyalardan tutmuş yeni inqilaba qədər müxtəlif istiqamətlərdə inkişaf edə biləcəyini göstərir.

Hazırda yeganə dəqiqləşmiş məsələ Gürcüstanda hakimiyyət-müxalifət qarşıdurmasının yenidən siyasi arenadan küçələrə transfer olacağı təqdirdə, Qərbin Mixail Saakaşviliyə sonadək dəstək verəcəyidir. Prezidentin apardığı kadr islahatlarına, ölkədə baş verən səsli-küylü həbslərə Qərbin reaksiya verməməsi Saakaşvilinin bu cəbhədən dəstək limitinin hələ də açıq olması deməkdir. Bu dəstəyi Saakaşvilinin demokrat imici, ölkədə demokratik islahatlar aparmaq niyyəti, xarici kursu deyil, Qərbin bölgədəki maraqları formalaşdırır. Gürcüstan Xəzər regionunda önəmli enerji layihələrinin həyata keçirilməsində əsas rollardan birini oynayır və Xəzərdən dünya bazarına uzanan kəmərlər sisteminin keçdiyi bir ölkədə stabilliyin qorunması Qərbin maraq dairəsinə daxildir. Bu mənada Saakaşvili hakimiyyətinin hansısa ciddi problemlə üzləşməsi halında Qərbin proseslərə dərhal müdaxilə edəcəyi istisna olunmur. Əslində indiki vəziyyətdə Gürcüstanda növbəti “Qızılgül inqilabı” təhlükəsinin mövcudluğunu təsdiqləyəcək yeganə amil bəlkə də ABŞ-ın mövqeyi olacaq. Hələliksə, belə bir mövqe nümayiş olunmadığına görə, qonşu dövlətdə hakimiyyət dəyişikliyinə, yaxud buna bərabər qeyri-stabilliyə rəvac verəcək təhlükə ehtimalının olduğunu söyləmək mümkün deyil. /APA-ANALİTİKA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR