Bank Of Baku

Azərbaycanla Xorvatiya arasında 5 sənəd imzalanıb

Azərbaycanla Xorvatiya arasında 5 sənəd imzalanıb
# 02 oktyabr 2007 16:00 (UTC +04:00)
Tərəflər “Azərbaycan Ticarət və Sənaye Palatası ilə Xorvatiyanın İqtisadiyyat Palatası arasında saziş”, “Azərbaycan Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiya ilə Xorvatiyanın Xarici İşlər Nazirliyi və Avropaya İnteqrasiya Nazirliyi yanında Diplomatiya Akademiyası arasında əməkdaşlıq sazişi”, “Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə Xorvatiyanın İqtisadiyyat, Əmək və Sahibkarlıq Nazirliyi arasında memorandum”, “Azərbaycan və Xorvatiya hökumətləri arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş”i imzalayıblar. Daha sonra Azərbaycan prezidenti İlham Əliyev və Xorvatiya prezidenti Stepan Mesiç birgə Bəyannamə imzalayıb. Sənədlərin imzalanma mərasimindən sonra Azərbaycan və Xorvatiya prezidentləri birgə mətbuat konfransı keçiriblər. Xorvatiyaya iki il əvvəlki səfərini xatırladan İlham Əliyev həm təkbətək, həm də geniş tərkibli görüşlərində regional və beynəlxalq məsələlərin müzakirə olunduğunu, qarşılıqlı maraq doğuran iqtisadi məsələlərə toxunulduğunu bildirib: “İqtisadi məsələlərin çoxu sabah keçiriləcək biznes-forumda müzakirə olunacaq”. Azərbaycana ilk dəfə səfər etdiyini deyən Stepan Meşiç iki ölkə arasında iqtisadi əlaqələri genişləndirməyin zəruriliyini vurğulayıb. O, Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olduğunu bəyan edib. Qeyd edək ki, Stepan Mesiçin Bakıya səfəri sabah başa çatacaq. Xorvatiya prezidentinin səfəri zamanı diqqət ayıracağı məsələlərdən biri bu ölkənin Bakıda konsulluğunun və Azərbaycanın Xorvatiyada səfirliyinin açılması məsələsi olacaq. Sabah isə Azərbaycan və Xorvatiya iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək. Tədbirdə iştirak edəcək xorvat sahibkarlardan ibarət nümayəndə heyəti dünən Bakıya gəlib. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR