Bank Of Baku

“Aqo” qrupunun Azərbaycana dair hazırladığı hesabat açıqlanıb

“Aqo” qrupunun Azərbaycana dair hazırladığı hesabat açıqlanıb
# 22 aprel 2008 15:36 (UTC +04:00)
Avropa Şurasının Nazirlər Komitəsindən APA-ya verilən məlumata görə, məruzənin Azərbaycana aid hissəsində Seçki Məcəlləsi, siyasi məhbuslar, ölkədə söz və mətbuat azadlığının mövcud durumu məsələlərinə geniş yer verilib. “Aqo” qrupu Seçki Məcəlləsinə dəyişikliklərin edilməsini vacib sayıb və “Sərbəst toplaşma azadlığı haqqında” qanuna düzəlişlər edilməsi istiqamətində Venesiya Komissiyası ilə birlikdə iş aparıldığını vurğulayıb. Qrup qeyri-hökumət təşkilatlarının sərbəst toplaşma ilə bağlı problem yaşadıqlarını nəzərə alaraq, Azərbaycan hökumətini bu qanunu tezliklə qəbul etməyə çağırıb. “Aqo” qrupu həbsdə olan jurnalistlərin aclıq aksiyasına başlamasını narahatedici məqam adlandırıb və Azərbaycan hökumətini söz azadlığı ilə bağlı məsələlərə həssas yanaşmağa çağırıb. Bundan başqa, sənəddə Milli Televiziya və Radio Şurasının (MTRŞ) müstəqilliyinin təmin olunmasının zəruriliyi diqqətə çatdırılıb. “Aqo” qrupu həmçinin məhkəmə sektorunda yeni kadr islahatlarının aparılmasını müsbət qiymətləndirib: “Lakin yerlərdə hələ də bu sahədə kadr çatışmazlığı var. Azad hüquqi yardımın səviyyəsi qənaətbəxş deyil. Lakin bu istiqamətdə treninqlərin keçirilməsi, korrupsiya ilə mübarizə üsulları və maaşların artırılması təqdirəlayiqdir. Avropa Şurası bu istiqamətdə öz yardımını göstərməyə hazırdır”.
“Aqo” qrupu Məhkəmə-Hüquq Şurasına konstitusional baza verilməsinin və Cinayət Məcəlləsinə müvafiq düzəlişlər edilməsinin, diffamasiya haqqında qanunun qəbulunun vacibliyini bildirib. Hesabatda Dağlıq Qarabağ münaqişəsinə də yer ayrılıb: “ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə münaqişənin nizamlanması prosesi davam edir və bu istiqamətdə müəyyən irəliləyişlər var. Bunlardan biri martın 14-də BMT Baş Assambleyasında “Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair” qətnamənin qəbuludur. Tərəflər münaqişənin sülh yolu ilə və mümkün qədər tez həll olunmasına tərəfdardır. Avropa Şurasının münaqişənin həlli prosesinə qarışmağa səlahiyyəti çatmasa da, sülh prosesində cəmiyyətləri kompromisə alışdırmağa və müqavilənin bəndlərini müəyyənləşdirməkdə öz təcrübəsini bölüşməyə hazırdır”.
Hesabatın yekun hissəsində qeyd olunur ki, Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi istiqamətində nəzərə çarpan irəliləyişlər əldə olunub. Bununla belə media, demokratiya, yerli özünüidarəetmə, sərbəst toplaşma azadlığı sahəsində bəzi qanunlar hələ qüvvəyə minməyib: “Müxalifət və iqtidar arasında dialoq təmin olunmalıdır. Ölkədə açıq və şəffaf, məsuliyyətli ictimai şərait yaradılmalı, Avropa Şurasının dəyərlərini təbliğ edən treninqlər təşkil edilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR