Bank Of Baku

Azərbaycanda “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda beynəlxalq konfrans keçirilir

Azərbaycanda “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda beynəlxalq konfrans keçirilir
# 07 may 2008 07:55 (UTC +04:00)
APA-nın məlumatına görə, Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr edilən konfransda 30-a yaxın dövlətin təmsilçisi iştirak edir. Tədbirin açılışında Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda qeyd olunub ki, ümumbəşəri dəyərlərin vacib tərkib hissəsi olan demokratik norma və prinsiplər Azərbaycanın istər tarixi ənənələri, istərsə də tolerantlığa və vətəndaş cəmiyyəti quruculuğuna söykənən mövcud ictimai-siyasi mühiti ilə tam uyğundur. Məhz bunun sayəsində Azərbaycan ictimai həyatın özünəməxsus modelini yaratmağa, milli birliyə və yüksək dinamik inkişafa nail ola bilib: “Ölkəmiz dörd ildir dalbadal dünyada ən yüksək iqtisadi artım göstəricisi nümayiş etdirir. İndi Azərbaycan haqlı olaraq, beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində ən etibarlı tərəfdaşlardan sayılır. Bu mənada hesab edirəm ki, dünyanın 30-dan çox ölkəsindən gəlmiş nümayəndələrin iştirakı ilə Bakıda “Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda beynəlxalq konfransın keçirilməsi təsadüfi deyil. Konfransın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr edilməsi ona xüsusi məna verir. Məhz Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikası demokratik inkişaf yolunu seçib, vətəndaş cəmiyyətinin qurulması istiqamətində qətiyyətli addımlar atıb. O, Ermənistanın hərbi təcavüzünün dinc yollarla aradan qaldırılması, Azərbaycanın 20 faiz ərazisinin işğaldan azad olunması, bir milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qaytarılması və Cənubi Qafqazda möhkəm sülhün yaradılması üçün ciddi səylər göstərib. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan irimiqyaslı transmilli enerji və nəqliyyat layihələrini həyata keçirməklə nəinki regionda, eləcə də bütün dünyada yeni əməkdaşlıq imkanlarının meydana gəlməsinə əhəmiyyətli töhfə verib”.
Konfransın birinci sessiyasına Almaniya Federativ Respublikasının keçmiş dövlət katibi, Almaniya-Azərbaycan Forumunun sədri Otto Hauser sədrlik edir. O. Hauser bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu baxımdan Azərbaycanda sabitliyin olması vacibdir. Forum sədri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini deyib: “Biz Avropa və Amerikanı belə bir beynəlxalq hüquq pozuntusunun qarşısının alınması üçün lazımi addımlar atmağa çağırırıq”. ABŞ Demokratlar Partiyasının sədr müavini Susan Törnbul “Keçid cəmiyyətlərində demokratiya” mövzusunda çıxış edib. Demokratiyanın təşəkkül tapması üçün uzun müddət tələb olunduğunu deyən məruzəçi bildirib ki, bunun üçün azad seçki, müstəqil mətbuat və məhkəmə olmalıdır: “Düşünürəm ki, Azərbaycanda mətbuat azaddır. Ümid edirik ki, seçkilər demokratik keçiriləcək”. Fransa Milli Assambleyasının üzvü Terri Mariani “Əməkdaşlığın yeni imkanları, siyasi partiyaların rolu” mövzusunda çıxış edib. Konfrans işini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR