Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində keçirilən yas mərasimində baş verib.
Belə ki, 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, həmin şəxslər yas mərasimində yemək yeyəndən sonra özlərini narahat hiss ediblər.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 17:50 radələrindən başlayaraq 2-si azyaşlı olmaqla 5 nəfər (1 kişi, 2 qadın, 1 qadın cinsli, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə - Abbas Səhhət adına xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.
Zəhərlənmə şübhəsilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, 4 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Xatırladaq ki, 2 gün əvvəl də Gəncədə yas mərasimində kütləvi zəhərlənmə baş verib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.