Qüdrət Həsənquliyev: “Azərbaycan büdcəsində olan 2,5 milyard manatlıq artımın 1,5 milyardı təmir-tikinti üçün nəzərdə tutulub”

Qüdrət Həsənquliyev: “Azərbaycan büdcəsində olan 2,5 milyard manatlıq artımın 1,5 milyardı təmir-tikinti üçün nəzərdə tutulub”
# 08 may 2008 10:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Demokratik Seçki Mərkəzinə (DSM) daxil olan partiyalar Şuşanın ermənilər tərəfindən işğalının 16-cı ildönümü ilə bağlı dəyirmi masa keçiriblər. APA-nın məlumatına görə, tədbirdə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bu müddətdə işğal altındakı torpaqların azad olunması üçün dövlət tərəfindən heç bir addım atılmadığını bildirib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Qarabağ probleminin sülh yolu ilə həlli perspektivini görmədiyini deyib. Onun fikrincə, 1994-cü ildə Azərbaycanın iqtisadiyyatını gücləndirmək üçün atəşkəsə ehtiyacı vardı, amma ötən müddətdə əldə olunan gəlirlər Qarabağın azadlığı üçün xərclənməyib. Deputat deyib ki, Azərbaycan büdcəsi ilbəil artsa da, orduya ayrılan vəsaitin həcmi azdır: “Məsələn, 2008-ci ilin büdcəsində 2,5 milyard manat artım var. Amma bu vəsaitin 1,5 milyardı təmir-tikinti işləri üçün nəzərdə tutulub. Halbuki həmin vəsaitin bir hissəsi ordunun gücləndirilməsinə sərf oluna bilərdi”. Deputat əlavə edib ki, hətta bəzi müharibə vəziyyətində olmayan ölkələrin büdcəsinin 24-27 faizi orduya ayrılır. Azərbaycanla müharibə vəziyyətində olan Ermənistanda isə büdcənin 13 faizi orduya ayrılıb. Amma bizdə bu göstərici 12 faiz təşkil edir.
Təkamül Partiyasının sədri Teyyub Qəni, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev öz çıxışlarında hökumətin Qarabağ siyasətini tənqid edərək ordudakı çatışmazlıqlardan danışıblar. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə onların fikri ilə razılaşmayıb. Bu zaman iştirakçılar, xüsusilə Ə. Orucla F. Ağamalı arasında mübahisə yaranıb. F. Ağamalının fikrincə, ordu ilə bağlı mənfi fikirlər səsləndirmək düzgün deyil: “Mən də problemin müharibə yolu ilə həllinə tərəfdaram. Amma bunun üçün cəmiyyət bir olmalıdır, içərimizdə düşmən axtarmaq lazım deyil. Bizim düşmənimiz Ermənistan, Rusiya, Amerika, Fransa, İrandır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR