Bank Of Baku

YAP-ın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

YAP-ın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
# 27 may 2008 10:25 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov 90 il əvvəl Azərbaycanın Şərqdə ilk demokratik cümhuriyyət qurduğunu bildirib. O, cümhuriyyət zamanı qəbul olunmuş bayrağın, himnin və gerbin bu gün də müqəddəs dəyər kimi saxlanıldığını deyib. Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov 1918-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda aparılan mücadilənin bütün insanları birləşdirdiyini bildirib. O, ilk dəfə olaraq Azərbaycan adının coğrafi məkandan dövlət adına gətirilərək siyasiləşdirildiyini qeyd edib. Tarixçi AXC dövründə Milli Ordunun yaradılmasını, Azərbaycan dilinin dövlət dili elan olunmasını, parlamentin formalaşmasını, Azərbaycan Dövlət Universitetinin yaradılmasını mühüm hadisə kimi qeyd edib. Digər tarixçi Kərim Şükürov isə hadisələrə tənqidi yanaşıb, o zaman parlamentin xalq tərəfindən seçilmədiyini bildirib. Onun sözlərinə görə, məhz bunun nəticəsi idi ki, 1920-ci il aprelin 27-də həmin parlament hökumətin bolşeviklərə verilməsi barədə qərar qəbul etdi. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə tarixi məsələlərə siyasi yanaşmaya ehtiyac olmadığını dilə gətirib: “Biz istəyirik ki, AXC-nin başladığı işlər bu gün davam etdirilsin. Bu gün cümhuriyyətlə bağlı birmənalı fikir mövcud deyil. Cümhuriyyətin şərəfinə yalnız bəzi Avropa ölkələrində qəbirüstü abidələrə oxşayan abidələr qoyulub. Halbuki bu abidələr daha möhtəşəm ola bilərdi. Bu vaxta qədər soyqırımı abidəsi də ucaldılmayıb. Rəsulzadənin heykəlinin qoyulacağı yerdən onun xatirə daşını götürüb, əvəzində fəvvarə düzəltmək isə bütövlükdə cümhuriyyətə hörmətsizlikdir”. Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə millətin öz tarixinə səhvləri və doğruları ilə birgə sahib çıxmasını vacib sayıb. Digər tədbir iştirakçıları da mövzu ilə bağlı fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR