Deputat: Nə Xalq Cümhuriyyəti, nə də Xalq Cəbhəsi suverenlik yolunda milli iradəni təmsil edə bildi

Bəhruz Məhərrəmov

© APA | Bəhruz Məhərrəmov

# 24 may 2024 11:25 (UTC +04:00)

“Biz, ilk növbədə, Xalq Cümhuriyyətinin Rəsulzadənin müstəqillik mücadiləsinin nəticəsi olması, yaxud meydan hərəkatının SSRİ-ni dağıtması kimi absurd düşüncələrdən uzaq durmalıyıq”.

APA xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, Azərbaycanın müstəqillik əldə etməsi hansısa ictimai-siyasi qüvvələrin və ya şəxslərin müstəsna xidməti deyil: “Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 29 dekabr 2000-ci il müraciətində də ifadə etdiyi kimi, müstəqilliyimiz tarixi obyektiv proseslərin qanunauyğun nəticəsidir. Yəni, müstəqilliyin təməlində 1918-ci ildə Çar Rusiyasının, 1991-ci ildə isə SSRİ-nin dağılması dayanır. Əksinə, nə Xalq Cümhuriyyəti, nə də Xalq Cəbhəsi suverenlik yolunda milli iradəni təmsil edə bildi və xalqın mənafeləri ziddinə tarixi cinayətlər törədildi. 1918-də İrəvan, 1991-93-cü illərdə bütövlükdə Qarabağ və Şərqi Zəngəzur xəyanətin qurbanı oldu”.

Bəhruz Məhərrəmovun fikrincə, Heydər Əliyevə qədər Azərbaycan özünün tarixinin heç bir dövründə müstəqilliyə aydın baxışa malik olmayıb: “Hətta Cümhuriyyət dövrü və müstəqilliyin ilk illərində olduğu kimi, hələ də suverenliyi Rusiya ilə mübarizə kontekstində görənlər var. Amma cənab İlham Əliyev göstərdi ki, böyük siyasətdə cılızlığa yer yoxdur. Sual çıxır: 2012-ci ildə Rusiya hərbi bazasını, hazırda isə Rusiya sülhməramlılarını ölkədən çıxararkən 100 il öncəki, yaxud 90-cı illərin əvvəllərindəki davranışları niyə görmədik? Demək ki, problem Rusiya deyil. İrəvanı Ermənistana güzəştə gedən xəyanətkar təfəkkürlə, yaxud Xalq Cəbhəsi kimi cılız vizyonla yola çıxanda faciələr labüd olur”.

Deputat hesab edir ki, müstəqil davranmaq üçün, ilk növbədə, müstəqil dövlətçilik təfəkkürü ilə düşünmək lazımdır: “Necə ki, Heydər Əliyevin sovet Azərbaycanı məhz bu təfəkkürün sayəsində Xalq Cümhuriyyətindən də, 1991-93-cü il Azərbaycanından da daha müstəqil davrana bilirdi. Təəssüf ki, Əliyevlərə qədər ölkədə nəinki bu təfəkkür hakim olmayıb, üstəlik hətta başqalarında özümüzə ehtiram təlqin edə bilməmişdik.

Ona görə müasir Azərbaycan quruculuğunun kökündə həqiqətlər dayanmalıdır. Bu xalq üçün var olan, müstəqilliyin təməlində dayanan həqiqət isə Heydər Əliyevdir.

Əlbəttə ki, çox yanlış olaraq əks qütb formalaşdırmaq naminə Rəsulzadədən, Elçibəydən olduğundan fərqli tarix uydurmağa çalışan psevdotarixçilər hələ də müstəqillikdən konseptual formada danışa bilmir və bilməyəcək də...

Amma bu gün müasir Azərbaycanı bütün bunların fövqündə dayanır və proseslər göstərir ki, bu coğrafiyada heç bir amil Əliyev kursu qədər müstəqilliyin qarantına çevrilə bilməz”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR