“Çağırış yaşını 18-dən 20-yə qaldırmaq əvəzinə, 35-dən 30-a endirmək lazımdır”
Bakı. Ramil Məmmədli - APA. Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın APA-ya müsahibəsi
- Bir neçə gün öncə ictimaiyyəti silahlı qüvvələrdə əsgərlərin qeyri-müharibə şəraitində dünyasını dəyişməsi faktına etiraz olaraq aparılan kampaniyanın, o cümlədən etiraz aksiyasının şahidi oldu. Bütün bunlarla bağlı fikirlərinizi bilmək istərdik...
- Diqqət edirsinizsə, Azərbaycan cəmiyyəti ənənəvi xarakterinə uyğun olaraq epizodik ədalət axtarışını bu aksiyalarla ortaya qoydu. Aksiya oldu, iki gün keçdi, hər şey səngidi, emosiyasını itirdi. Qarabağı necə itirmişiksə - bir neçə müddət meydanda aksiya keçirdikdən sonra torpaqların itirilməsinə razılaşmışıqsa, cəmiyyət hadisələri ilə də bağlı eyni emosiyanı davam etdiririk. Bu, problemə yanlış yanaşmadır, mahiyyəti doğru tutmamaqdan irəli gələn məsələdir. Əslində əsgər ölümünü əsas götürərək, ağıllı təkliflər ortaya qoyulmalıdır ki, bu problemdən çıxış yolları tapılsın. Amma bunun əvəzinə hər kəs düşmən olduğu adamların istefasını, cəzalandırılmasını gündəmə gətirdi. Burda da sadəcə, adların hallandırılmasından o tərəfə gedilmədi.
Təsəvvür edək - bu müdafiə naziri istefa verərsə, bəyəm yeni gələn nazir hər gün əsgərin yanında oturacaq və onun döyülməsini əngəlləyəcəkmi? Yəni ordu sistemində bir neçə fundamental məsələ öz həllini tapmalıdır. İlk növbədə silahlı qüvvələrə parlament nəzarətinin həyata keçirilməsi məsələsi reallaşdırılmalıdır. ATƏT-in qətnaməsinə uyğun olaraq bütün Avropa ölkələrində bu mexanizm işləyir. Bizdə bu yoxdur. Silahlı qüvvələr hər hansı şəkildə Milli Məclis qarşısında hesabat vermir. Çünki bu mexanizm bilərəkdən diqqətdən kənarda saxlanılır. Necə ki, parlament Qarabağ münaqişəsinin həlli məsələsində prosesdən kənarlaşdırılıb, hər hansı müzakirədə parlament deputatının adi vətəndaşdan daha az bilgisi olduğunu söyləyə bilərik. Eyni vəziyyət ordu quruculuğu ilə bağlı məsələdə də mövcuddur. Əvvəlcə təklif edərdim ki, bütün hərbi qulluqçuların sığortalanması məsələsi gündəmə gətirilməlidir. Məsələn, heç bir hərbçi hansısa hadisədən sığortalanmayıb. İstəsən də, istəməsən də, orduda hüquqdan kənar hadisələr mövcuddur. Bunu heç kim dana bilməz. Ordu çətinlik, əziyyət yeridir və bunu hamı bilir. Amma hüquqsuzluq yeri olduqda, bu dözülməz hal alır. Burada təkcə əsgərin hüququndan söhbət getmir. Bəzən zabitlər də hüquqa zidd məqamlarla qarşılaşa bilir. Məsələn, zabitlərin bir çoxunun üzərində cinayət işi var. Araşdırdıqda məlum olur ki, bu cinayət işlərinin əksəriyyəti subyektiv xarakterli məsələlərdən doğur. Hansısa komandir tabeçiliyində olan zabitinə subyektiv xarakterli tapşırıq verib, onu icra edə bilmədiyinə görə qeyri-qanuni yollara gedib, əsgərin pulunu yığıb, yaxud hansısa tikintini öz hesabına həyata keçirməyi üzərinə götürüb. Burada da hüquqa zidd fəaliyyəti ilə məsuliyyət daşıması gündəmə gəlib. Fikrimcə, sığorta olduqda ordu rəhbərliyi hərbi qulluqçunun xidməti şəraitinə və vəziyyətinə xüsusi diqqət yetirmək məcburiyyətinə qalacaq. Çünki ortada külli miqdarda məbləğdən söhbət gedir. Əlbəttə, döyüş şəraiti istisna olunmaqla sığorta həyata keçirilməlidir. Bununla da qeyri-döyüş şəraitində əsgərə olan münasibət dəyişir. Bunlar olmadıqca kiminsə istefası və ya cəzalandırılması məsələdə heç bir həll yaratmır. Bəlkə də baş verən hadisədə bölük və ya hərbi hissə komandirinin günahı yoxdur. Bir əsgərə xidməti yoldaşı tərəfindən nizamnamədən kənar hərəkət olub. Bölük komandiri də hamıya eyni qaydada nəzarət edə bilməz. 10 il hərbidə əziyyət çəkmiş komandirin rütbəsi nəzarət edə bilmədiyi vəziyyətə görə alınır. Bu da artıq ədalətsizlik sindromu yaradır.
Məncə, ordu məsələsində populist şəkildə dəstəkləmək yerinə, çözüm yollarını tapmaq lazımdır. Sadaladığım iki mexanizm işlərsə, hesab edirəm ki, orduda daha ciddi bir nəzarət sistemi formalaşar. Bir də insanların orduya inamının artırılması yolları düşünülməlidir. Bunun üçün də çağırışın ədalətliliyi təmin olunmalıdır. Bu olmasa, yenə də orduda baş verənləri təhrif olunmuş variantda anlayacaqlar. Silahlı qüvvələrə xərclənən vəsaitə də parlament nəzarəti zəruridir. Bu vəsaitin mənasız xərclərinin qarşısını almağa xidmət edə bilər. Bütün bunları həyata keçirmək üçün ciddi islahatlara ehtiyac var. Ordumuzda Rusiya təsirinin hələ də qaldığı fikrindəyəm və bunun təmizlənməsi vacibdir.
- Atəşkəs elan olunsa da, əsgər ölümlərinin sayının azalmaması nə ilə bağlıdır?
- Bu onunla əlaqədardır ki, əslində cəbhədə döyüş davam edir. Müxtəlif formada atəşkəs pozulur və hər iki tərəfdən ölənlər olur. Əslində bu mühiti passiv müharibə şəraiti adlandırmaq lazımdır. Burada söhbət nizamnamədən kənar olan münasibətlər nəticəsində baş verən ölüm hallarından gedir. Bu itkilərin qarşısının alınması istiqamətində görülən işlərin effektiv olmaması narahatlıq doğurur. Yəni orduda hüquqsuzluq ciddi problemdir. Sistemli işlər görülməlidir ki, problemlərin həllinə nail olaq. Ordu elə bir məsələdir ki, populizm xarakterli çıxışlara ehtiyac yoxdur. Silahlı qüvvələrlə bağlı məsələdə müzakirələr elə aparılmalıdır ki, sonradan fəsadlarla qarşılaşmayaq. Ona görə bunun parlament müstəvisində müzakirəsinin tərəfdarı olduğumuzu deyirik. Sadəcə, bu hadisəyə göstərilən münasibət məni narahat etdi və siyasiləşmiş aksiya ilə söndü. Hesab edirəm ki, ən əsası islahatların aparılmasıdır.
- Hərbi çağırış yaşının 18-dən 20-yə qaldırılması və ailənin tək övladlarının hərbi xidmətə çağırılmaması ilə bağlı qanunda hansısa dəyişikliyin edilməsinə dair fikirlərə necə yanaşırsınız?
- Məncə, çağırış yaşının 18-dən 20-yə qaldırılması hərbi xidmətin effektivliyini artırmayacaq. Əksinə, çağırış yaşının 18-30 yaş arasında qalması labüddür. Çünki 30 yaşdan yuxarı kişilərin əksəriyyəti ailəli və fiziki vəziyyəti hərbi xidmətə yararlı olmur. Ona görə də çağırış yaşı 18-dən 30-a qədər olmalıdır. Yəni son yaş həddi 35-dən 30-a endirilməlidir. Azərbaycan alternativ hərbi xidmətlə bağlı üzərinə öhdəlik götürüb. Məncə, alternativ xidməti tək övladı olan insanlara şamil etmək olar. Belə ailələr də çox deyil. Başqa halda tək övladların riskli olmayan şəraitdə hərbi xidmət keçməsi təmin olunmalıdır. Yeri gəlmişkən, Azərbaycanda hərbi ombudsmanın yaradılmasının da zəruriliyi önə çıxıb. Çünki İnsan Haqları üzrə Müvəkkilin yükü kifayət qədər çoxdur. Məsələn, Almaniyada hərbidə bu qədər problemlər olmadığı halda, hərbi ombudsman qurumu fəaliyyət göstərir. Bir də deputatlara xəbərdarlıq etmədən hərbi hissələrə baxış keçirməsi hüququnun verilməsi nəzarətin effektivliyini artıra bilər.
- Ölüm hökmünün bərpası ilə bağlı təşəbbüsləri necə dəyərləndirirsiniz?
- Bizim üçün hansısa qurumun tərifindən daha çox, ictimaiyyətdə münasibətlərin sağlam tənzimlənməsi vacibdir. Mən daha çox azyaşlıların zorlanması, xüsusi amansızlıqla adam öldürmə halları ilə bağlı məsələlərdə ölüm hökmünün saxlanmasının tərəfdarıyam. Bu məsələ ilə bağlı daha peşəkar müzakirələrə ehtiyac var. Ümumiyyətlə, cəza məsələlərinə yenidən baxmağa ehtiyac var. Əfv məsələsində də zərərçəkən tərəfin razılığı olmadan cinayəti törədənin əfv olunması da aradan qaldırılmalıdır. Bu, xüsusilə də ağır cinayətləri törədənlərə şamil olunmalıdır.
- İctimai Palata daxilində baş verən proseslərə və seçki mübahisələrinə baxışınız necədir?
- İctimai Palata cəmiyyətin gözlədiyi kimi aktiv siyasi quruma çevrilə bilmədi. Bunun əsas səbəbi də ideyanın yeni olmaması ilə bağlıdır. Bu cür təkzib sindromudan həm elmimizi, həm tariximizi, həm də İctimai Palatanı qurtarmalıyıq. Çünki İctimai Palata gələcəyə yönələn fəaliyyət niyyətli olmadı. Bu qurum sadəcə hakimiyyətin inkarı niyyətli siyasət nümayiş etdirdi. Bu da o qədər bəsit formada gedir ki, nəticə olmur. Məsələn, Elşad Abdullayevin taktikası həmin düşərgənin bütün gedişlərindən kəsərli oldu. İctimai Palata yarandığı gündən amorf birlik modelini əsas götürdü. Aktyorları köhnə olan tamaşanın uğursuzluğu labüd idi. Bu günün tamaşaları fərqli olmalıdır. Bu baxımdan həmin üslubla İctimai Palatanın yenilik etməsi mümkün deyil. Cəmiyyət təsirə açıqdır. Amma ağıllı təsir olmayanda, cəmiyyəti yönləndirmək olmur. Seçkilərlə bağlı taktikada da həmin vəziyyət yaşanır. Sanki namizəd vermək hakimiyyətə qalib gəlməkdir. Vahid namizəd nə deməkdir? İkinci tura çıxan şəxs avtomatik olaraq vahid namizəd olur. Bu anlayışdan kənar hərəkətlər, gündəmi zəbt etməkdən başqa heç nə demək deyil. Bir də yenilikçi deyillər, ancaq hakimiyyətin inkarı üzərində qurulan bir taktika cəlbedici deyil. Bütün hallarda cəmiyyət əsaslı çağırışlar olmayınca, onun arxasınca getməyəcək.
- Partiyanızın seçkilərdə iştirakı hansı formatda olacaq?
- Bizim seçkidə iştirakla bağlı qərarımız var. Cəmiyyətdə partiyamızın bazası var. Bizim yanaşma fərqlidir. Siyasətçi ilk növbədə öz baxışları ilə cəmiyyəti məlumatlandırmalıdır. Cəmiyyət bilməlidir ki, sən hansı problem haqqında necə düşünürsən. Bu baxımdan seçki prosesinə vacib mərhələ kimi baxıram. Ümid edirəm ki, digər partiyaların da seçkini boykot etməməsi ümumi demokratik prosesin ortaya çıxmasına xidmət edəcək və islahatların həyata keçirilməsinə şərait yaradacaq. Partiyanın hansısa blokda təmsil olunması isə nəzərdə tutulmayıb.