Qarabağ məsələsində ikili standartlar beynəlxalq sistemin ciddi problemini üzə çıxardı.
Bunu APA-ya açıqlamasında "Prioritet" Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin İB sədri Zaur İbrahimli bildirib.
Zaur İbrahimli bildirib ki, Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edərkən səsləndirdiyi fikirlər Qarabağ münaqişəsi ətrafında uzun illər mövcud olmuş beynəlxalq münasibətlər sisteminin qiymətləndirilməsinin aparılması və yenidən nəzər salmaq baxımından mühüm əhəmiyyət daşıyır: “Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı 30 il ərzində bir sıra xarici qüvvələr problemin həllindən daha çox mövcud status-kvonun qorunub saxlanılmasında maraqlı olublar. Əslində, burada söhbət yalnız Ermənistanın hərbi-siyasi imkanlarından getmir. Ermənistanın işğal siyasətini davam etdirməsinə imkan verən əsas amillərdən biri də ayrı-ayrı dövlətlərin və beynəlxalq dairələrin bu prosesə münasibəti idi. Azərbaycan torpaqlarının işğal altında qalması faktı uzun illər ərzində beynəlxalq gündəmdə olsa da, real və təsirli mexanizmlər işə salınmadı. Beləliklə, status-kvo faktiki olaraq işğalın davam etdirilməsi üçün əlverişli mühit yaratdı”
Beynəlxalq təşkilatların susqunluğu
Politoloq qeyd edib ki, BMT və ATƏT kimi beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərlə real siyasi fəaliyyət arasında ciddi fərq mövcud olub: “Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən BMT qətnamələri vardı, ATƏT-in Minsk qrupu uzun illər fəaliyyət göstərdi. Lakin bunların heç biri Ermənistanın işğalına son qoymadı. Bu, beynəlxalq münasibətlər sisteminin ən ciddi problemlərindən birini, qərarların icrası ilə bağlı siyasi iradənin olmamasını göstərirdi. Azərbaycan dövlətinin öz hərbi-siyasi imkanları hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi məhz bu baxımdan mühüm presedent yaradıb. Azərbaycan göstərdi ki, beynəlxalq hüququn norma və prinsipləri yalnız kağız üzərində qalmamalıdır. İşğala məruz qalmış dövlət öz ərazi bütövlüyünü bərpa edə bilər və etməlidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan xalqı bu ədalətsizliyə özü son qoydu. Bu, yalnız Azərbaycanın deyil, beynəlxalq münasibətlər sisteminin gələcəyi baxımından da mühüm mesajdır”.
Avropa Parlamentinin qərəzi
Zaur İbrahimli Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Qarabağ münaqişəsi dövründə və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra nümayiş etdirdiyi mövqeyin ciddi suallar doğurduğunu bildirib: “Ermənistanın işğalçı siyasəti dövründə ona qarşı ciddi siyasi və iqtisadi təzyiq mexanizmlərinin tətbiq edilməməsi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra isə Bakı ilə bağlı daha sərt qətnamələrin gündəmə gətirilməsi cəmiyyətimizdə haqlı suallar yaradır. Xüsusilə suverenliyimizin tam bərpasından qısa müddət sonra Avropa institutlarının Azərbaycana qarşı münasibətində sərtləşmənin müşahidə olunması ikili standartların olması barədə təsəvvürü daha da gücləndirdi. Bu yanaşma bir sıra Avropa institutlarının obyektiv vasitəçi və ədalətli arbitr kimi qəbul edilməsinə də zərbə vurur. Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən bir sıra qətnamələrdə Qarabağ məsələsinə yanaşma qəbuledilməz idi. Avropa Parlamentində qəbul edilən sənədlərə baxsaq, ayrın görərik ki, söhbət hüquqi prinsiplərdən deyil, siyasi qərəzdən gedir. Azərbaycan cəmiyyətində Avropa Parlamentinə və ayrı-ayrı avropalı siyasətçilərə qarşı yaranmış mənfi münasibətin səbəblərindən biri də məhz budur. Bu qurumun daxilində rüşvət, korrupsiya, islamofobiya və ikili standartlarla bağlı müzakirələr və ittihamlar onun nüfuzuna ciddi zərbə vurur”.