Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan “Qatil” bədii filminin 17-ci Tbilisi Beynəlxalq Film Festivalının “Avropa film forumu” bölümündə nümayişi baş tutub. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, festival 28 noyabr-4 dekabrda keçirilib. Festivalda filmin quruluşçu rejissoru Kamran Şahmərdan və icraçı prodüseri Katri Lətt iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.
“Qatil” filmi Bakıda keçirilən 6-cı Avropa Film Festivalı və Finlandiyanın “Qara və Ağ” Teatr Festivalında da iştirak edib.
Ekran əsərinin ssenari müəllifi xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev, Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur.
Baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.