Bank Of Baku

AXCP-nin sədr müavini: “Müxalifətin İsa Qəmbəri vahid namizəd kimi qəbul etməsi real görünmür” - MÜSAHİBƏ

AXCP-nin sədr müavini: “Müxalifətin İsa Qəmbəri vahid namizəd kimi qəbul etməsi real görünmür” - <span style="color: red;">MÜSAHİBƏ
# 11 yanvar 2013 13:13 (UTC +04:00)

“Müsavat Partiyası barışdırıcılıq mövqeyini əldən verir”

 

“Seçkilərə İctimai Palata formatında getmək məsələsi artıq bir qədər çətinləşib”

 

Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Asəf Quliyevin APA-ya müsahibəsi

 

- Azərbaycan müxalifətinin prezident seçkilərinə hazırlıq prosesini necə dəyərləndirirsiniz?

 

- Əvvəlcə onu deyim ki, seçkiyə hazırlıq prosesindən əvvəl seçki təcrübəsinə baxış olmalı, bu analiz edilməlidir. Düşünürəm ki, indiki şəraitdə ölkədə demokratik seçkinin keçirilməsi mümkün deyil. İndiyə qədər dəfələrlə müxalifət bu və ya digər formalarda seçkilərdə iştirak edib. Amma nəticə etibarilə iqtidar öz istəyinə nail olaraq, qanun pozuntularına yol verib. İqtidar bu seçkidə də komissiyaları dəyişmək fikrində deyil. Sözsüz ki, müxalifət özünə xidmət edəcək seçki mühitinin yaradılması üçün çalışır. Bu prosesə 2010-cu ildən start verilib. İctimai Palatanın yaradılması isə əslində bu prosesin başlanğıcı idi. Bu qurum öz üzərinə ölkədə demokratik seçki mühitinin yaradılması istiqamətində mübarizə aparmağı götürmüşdü. Bu dövr ərzində həm ərəb dünyasında baş verən hadisələr, həm də Qərbin Azərbaycanda demokratikləşmə ilə bağlı maraqları qətiləşdi. Bütün bunlar müxalifət düşərgəsində 2013-cü il seçkilərinə bir ümid formalaşdırdı. Müəyyən dərəcədə aktivlik yaransa da, demək olmaz ki, bu gün müxalifət prezident seçkilərinə hazırlıq prosesini yekunlaşdırıb. Doğrudur, bəzi partiyalarda, o cümlədən AXCP-də seçkilərlə bağlı strategiya müəyyənləşib. Müəyyən dərəcədə müsbət dəyişikliklər var və hadisələrin gedişi göstərir ki, əgər iqtidar demokratik seçkilər keçirmək istəyərsə, müxalifətin qalib gəlmək imkanları arta bilər. Burada ən vacib məqam isə müxalifətin birlik nümayiş etdirməsidir.

 

- İctimai Palatanın missiyasına toxundunuz. Bu qurum yarandığı vaxt üzərinə götürdüyü missiyanı yerinə yetirə bildimi və ya İctimai Palata formatında prezident seçkilərində uğur qazanmaq mümkün olacaqmı?

 

- İctimai Palata parlament seçkisi sonrası yenidən seçkilərin keçirilməsinə nail olmaq və ölkədə demokratik seçki mühitinin formalaşması niyyəti ilə yaradılmışdı. Parlament seçkiləri zamanı AXCP-Müsavat bloku öz arasında dairələr üzrə vahid namizədləri müəyyənləşdirə bilmişdi. Artıq qarşıdan prezident seçkiləri gəlir, burada vəziyyət bizə başqa cür hərəkət etməyi diktə edir. Yəni prezident seçkilərində namizəd bir nəfər olmalı və bütün səylər buna hesablanmalıdır. Artıq Müsavat Partiyası öz namizədini müəyyənləşdirib. Hesab edirəm ki, bununla seçkilərə İctimai Palata formatında getmək məsələsi bir qədər çətinləşib. Amma onu da bilmək lazımdır ki, İctimai Palatada təkcə AXCP və Müsavat Partiyası deyil, Vətəndaş Həmrəyliyi, Klassik Xalq Cəbhəsi və Milli Demokrat partiyaları, o cümlədən çoxlu sayda ictimai qurum və ictimai-siyasi xadimlər də təmsil olunurlar. Bunu deməkdə məqsədim odur ki, prezident olmaq istəyən şəxs təmsil olunduğu qurumda müttəfiqlərinin fikirlərini nəzərə alıb, öz namizədliyini irəli sürməlidir. Çünki cəmiyyətdə həmin şəxsin prezident olduğu təqdirdə də bu missiyanı davam etdirəcəyinə əminlik olmalıdır. Bu gün cəmiyyətdə və siyasi arenada barışdırıcı mövqedə ola bilməyən insanın və cəmiyyəti bir araya gətirmək niyyətində olmayan siyasətçinin prezident olacağı təqdirdə atacağı addım hamını düşündürür.

 

- Bu məsələ ilə bağlı təklifiniz nədir?

 

- Açığı, İctimai Palata daxilində AXCP və Müsavat Partiyası arasındakı seçki strategiyası ilə bağlı fikir ayrılığı aradan qalxmayıb. AXCP artıq öz strategiyasını elan edib. Bizim mövqeyimiz budur ki, İctimai Palata da daxil olmaqla, kənarda qalan bütün siyasi və ölkədə dəyişiklik istəyən qüvvələrin iştirakı ilə seçkilərə hazırlıq prosesinə start verilməlidir. AXCP vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı mövqeyini artıq açıqlayıb və bunu təkrar etmək istəmirəm. Yəni namizədin müəyyənləşməsi daxili seçkilərin – sorğunun keçirilməsi ilə müəyyənləşdirilə bilər. Arzu olunmayan vəziyyət isə İctimai Palatada iki fikrin mövcudluğudur. AXCP demokratiya hərəkatına başlamaqla, ölkədə köklü siyasi islahatlara nail olmaq niyyətini açıqlayır. Çünki indiyə qədər keçirilən seçkilərin nəticələri və iştirakçıları da bəllidir. Yəni namizəd olmaq xətrinə prezidentliyə namizədliyin irəli sürülməsi AXCP-nin strategiyasına ziddir və bizi qane etmir. Düşünürük ki, AXCP-nin strategiyası cəmiyyətin müxalifəti dəstəkləyən qüvvələri üçün birləşdirici amil ola bilər.

 

- İctimai Palata formatında seçkilərdə iştirakın sizi qane etməməsinin səbəbini də açıqlayardınız...

 

- Birinci amil İctimai Palatanın müxalifətin böyük əksəriyyətini təmsil etməməsidir. İctimai Palata ya formatını dəyişməli və birgə fəaliyyəti zəruri olan qurumların təmsilçiliyi təmin olunmalı, ya da yeni bir blok yaranmalıdır.

 

- Yeni blokun yaradılması təşəbbüsü ilk sizdən gəlib, yoxsa artıq bu məsələ İctimai Palatada müzakirə edilib?

 

- Bu mənim təklifimdir və reallığı əks etdirir.

 

- Aydındır ki, İctimai Palatadan kənarda olan siyasi partiyalar hazırkı məqamda bu qurumda təmsil olunmaq istəməyəcəklər. Çünki həmin partiyaların ya ayrıca blokları, ya da fərdi strategiyaları var...

 

- AXCP elan edib ki, biz İctimai Palatada olsaq da, bütün digər qurumlarla əməkdaşlıqdan çəkinmirik. Yeni blokun yaradılması isə heç də İctimai Palatanın fəaliyyətini dayandırması anlamına gəlməməlidir. Bundan başqa, siyasətdə heç nəyi əminliklə söyləmək bir qədər çətindir. Yəni sabah İctimai Palatanın fəaliyyətini davam etdirəcəyini, yaxud da dağılacağını birmənalı olaraq söyləmək mümkün deyil. Ancaq bəllidir ki, siyasətdə nə əbədi dost, nə də əbədi düşmən var. İctimai Palatanın qalacağını və ya yeni blokun yaradılacağını mart ayından sonra mövcud olacaq siyasi mühit diktə edəcək. Heç kim deyə bilməz ki, Azərbaycanda bir aydan sonra nə baş verəcək. Hər halda, hamı bilməlidir ki, əgər ölkədə demokratik seçki keçirilməyəcəksə, müxalifətin bu seçkiyə qatılaraq mövcud iqtidarın namizədinə legitimlik qazandırmasının nə mənası var? Düşünürəm ki, bu gün Azərbaycanda seçkilərə hazırlaşmaq əvəzinə, hərəkata start vermək daha uyğun variantdır. Bu mənim şəxsi fikrimdir və partiyalar bunu müzakirə etməlidirlər.

 

- Belə olan təqdirdə müttəfiqinizin prezidentliyə namizədliyini irəli sürməsini necə qiymətləndirmək olar?

 

- Qəti şəkildə İsa Qəmbəri tənqid etmək olmaz. Çünki İsa Qəmbər son çıxışlarında məsələyə aydınlıq gətirib. Əslində Müsavat Partiyasının öz namizədini irəli sürməsini o qədər də faciəvi hesab etmirəm. Həm də İsa Qəmbərin namizədliyini irəli sürməsi o demək deyil ki, seçkilərdə bütün siyasi dairələr onu dəstəkləyəcək. Bunu bir partiyanın istəyi kimi anlamaq lazımdır. Sadəcə, Müsavat Partiyasının prosesdə tələskənliyə yol verməsi bir qədər narahatlıq yaradır. Burada bir məqama diqqət yetirmək lazımdır. Əgər hakimiyyət eyni şəxsi üçüncü dəfə namizəd göstərəcəksə, bizim də ona alternativ namizəd irəli sürməyimiz, həmin konstitusion pozuntuya qanuni don geyindirməyimiz anlamına gəlir. Belə çıxır ki, müxalifət həmin qanun pozuntusunu qəbul edir.

 

- Bəs nəyə görə AXCP-nin təklif etdiyi birləşdirici strategiya müttəfiqiniz tərəfindən qəbul olunmur? Çünki İctimai Palatanın son sessiyasında da müttəfiqlərinizin namizəd məsələsi ilə bağlı AXCP-dən olan funksionerlərin çıxışlarına adekvat münasibəti heç də dostluq göstəricisi deyildi...

 

- AXCP birmənalı olaraq strategiyasını açıqlayan və mövqelərini aydın şəkildə bildirən monolit partiyadır. Biz ölkənin bir çox partiyalarından bu məsələdə öndəyik. Partiyanın sıravi üzvündən rəhbərlərinə qədər hamı eyni siyasi xətti – seçki strategiyasını yürüdür. Amma digər partiyalarda bu məsələdə problemlər var. Məsələn, dostumuz olan Müsavat Partiyasında seçki strategiyası hələ bəlli deyil. Ona görə də partiya funksionerlərinin hər biri öz anlamına uyğun olaraq proseslərə qiymət verir. Bu qəbul olunmamaq bir tərəfdən dediyim məqamla bağlıdır. Digər tərəfdən, açıq demək lazımdır ki, siyasətdə bir qısqanclıq var. Əlbəttə, biz İsa Qəmbəri namizədliyinin irəli sürülməsi ilə bağlı təbrik etdik. Çünki siyasətdə bir əxlaq var və biz də buna riayət etməyə çalışırıq. AXCP bu məqama xüsusi diqqət yetirir və siyasi əxlaqa dayanan siyasət yürüdür. Bütün toplantılarda, danışıqlarda da bu prinsipləri qorumağa çalışırıq. Kimlərsə buna riayət etmirsə, buna bir söz deyə bilmərik.

 

- İctimai Palatadakı ikifikirlilik AXCP-Müsavat müttəfiqliyini nə zamana qədər saxlaya biləcək?

 

- Bunu konkret demək olmaz. Yəqin ki, vahid namizəd məsələsi müzakirə olunana qədər bu məsələdə problem olmayacaq. Mayın sonuna qədər bu proses çəkəcək. Əgər seçkilərlə bağlı ortaq məxrəcə gələ biləriksə, müxalifətin böyük hissəsini birləşdirərək, seçkilərə gedə biləcəyiksə bir yerdə olacağıq. Əgər pozuculuq olacaqsa, ortaq fikir və güzəşt məsələsi olmayacaqsa, sözsüz ki, yollar parçalanacaq.

 

- Belə olan təqdirdə, yeni birliyin yaradılması imkanları arta bilərmi?

 

- Son vaxtlar yeni biliyin yaradılması fikri tez-tez müzakirə mövzusu olur. Siyasətdə cəmiyyətin istəyi də nəzərə alınmalıdır. Siyasi fəallıq artdıqca, bu məsələlərə aydınlıq gələcək. İndiki halda konkret söz demək çox çətin məsələdir.

 

- Ziyalılar Forumunun həmtəsisçisi Rüstəm İbrahimbəyovun bəhs etdiyi yeni hərəkatın yaradılması məsələsi nə dərəcədə reallığı əks etdirir? Yaxud bu hərəkatın yaradılması namizədin müəyyənləşməsinə xidmət edəcək, yoxsa seçki mühitinin demokratikləşməsi istiqamətində fəaliyyətə üstünlük verəcək?

 

- Onu deyə bilərəm ki, həm Rüstəm İbrahimbəyov, həm də Bəxtiyar Hacıyevin bəhs etdikləri hərəkat modeli AXCP-nin strategiyasına yaxındır. Düşünürəm ki, bu proses geniş aspekti əhatə edərsə, biz ümumi dil tapa bilərik. Cəmiyyətdə birləşdirici mövqedə olan şəxs və qurumlarla bir yerdə olmağa və müzakirələrə hazırıq.

 

- “Əsas namizədi cəmiyyət özü müəyyənləşdirəcək” fikri ilə necə, razısınızmı?

 

- Əvvəlcə bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycanda XX əsrin sonlarında başlanan xalq hərəkatının lideri, keçmiş prezident Əbülfəz Elçibəyin həm ölkədə, həm də regiondakı nüfuzunun böyük olduğu siyasətlə məşğul olanlara bəllidir. 1998-ci ildə müxalifət öz arasında vahid namizədin müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparırdı. Lakin Əbülfəz Elçibəyin vahid namizəd olması məsələsini müxalifətin bəzi qüvvələri qəbul etmədi. Açığı, Əbülfəz Elçibəyin namizədliyini qəbul etməyən müxalifətin İsa Qəmbəri vahid namizəd kimi qəbul etməsi real görünmür. Seçkidə əsas namizəd anlayışı yoxdur. Bunu cəmiyyətin üzərinə qoymaq da düzgün deyil. Ərəb dünyasında baş verən hərəkatların da sonunda vahid namizəd məsələsi müəyyənləşdi. Siyasi partiyalar bu reallığı qəbul edib, seçkidə vahid mövqedən çıxış etməlidir. Əks təqdirdə, cəmiyyət birliyi pozmaq və ya qurmaq istəyən qüvvələri görəcək. Bunu cəmiyyət görəcək və əsas namizədin cəmiyyət tərəfindən müəyyənləşdirəcəyi haqda tezis də siyasi səhvdir. Vahid mövqeyi və vahid namizədi siyasi qüvvələr müəyyənləşdirir və cəmiyyətə təqdim olunur.

 

-  Belə olan təqdirdə, AXCP seçkidə öz namizədi ilə iştirak edə bilərmi?

 

- AXCP seçkidə iştirak etmək niyyətindədir. Ancaq biz bu məsələyə fərqli baxırıq. Mühitdə köklü dəyişiklik olmayana qədər seçkiyə qatılmağın tərəfdarı deyilik. Bizim hazırkı mövqeyimiz cəmiyyətdə və müxalifətdə barışdırıcı mövqe sərgiləməkdir. AXCP kimi partiya mövqeyindən çıxış etmək niyyətində deyilik. Hadisələrin gedişinə uyğun olaraq mövqeyimizi qətiləşdirəcəyik. Ancaq bir fikri də demək istərdim. Bilirsiniz, Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürməsi bizi o qədər də narahat etmir. AXCP ona görə narahatdır ki, bu gün müttəfiq olduğu və cəmiyyətdə çəkisi olan Müsavat Partiyası barışdırıcılıq mövqeyini əldən verir. Namizədini irəli sürmək dostlarımızın hüquqlarını məhdudlaşdırır, gələcəkdə seçkilərə vahid mövqe ilə getməsində problem yaradır və müəyyən qədər qarşısını alır. Bizi narahat edən budur. Problem cəmiyyətdə barışdırıcılıq strategiyasının qarşısının alınmasıdır. Amma son vaxtlar İsa Qəmbərin çıxışları məndə belə təəssürat yaradır ki, İsa Qəmbərin özü namizədliyinin irəli sürülməsində israrlı deyil. Hiss olunur ki, İsa Qəmbər namizədliyini irəli sürməsində partiyadaxili məsələlərin təsiri böyük olub. Hesab edirəm ki, bu qərarın tələsik verildiyini özü də qəbul edir. Məncə, gec deyil və İsa Qəmbər cəmiyyətdə barışdırıcı mövqeyə keçə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR