APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısı binada yaradılan şəraitlə tanış olub.
Sonra Prezident İlham Əliyev Xəzər rayonu və Zirə qəsəbəsi ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev elektromobillə Mərkəzin ərazisini gəzib.
Prezident İlham Əliyev və ailə üzvləri Zirə Mədəniyyət Mərkəzinin ətrafında salınan eko-parkda yaradılan şəraitlə tanış oldular. Burada müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan “Ürək” əsərinin 3 metrlik abidəsi də ucaldılıb. On hektar ərazidə salınan eko-park xüsusi landşaft dizaynı ilə layihələndirilib. Burada geniş yaşıllaşdırma işləri görülüb, minlərlə müxtəlif növ nadir dekorativ və meyvə ağacları, bəzək kolları və güllər əkilib. Parkda müxtəlif növ attraksionlardan ibarət uşaq meydançası yaradılıb, idman trenajor qurğuları quraşdırılıb. Elektromobillər və velosipedlər üçün xüsusi yollar salınıb. Parkın özəlliyini artıran mühüm cəhətlərdən biri də burada 25 adda 150-dək ekzotik quşların saxlanmasıdır. Onların saxlanması və artırılması üçün burada quş parkı yaradılıb. Bundan əlavə, parkda kiçik süni su hövzələri - gölməçələr də var. Ərazinin suvarılması xüsusi sistemlə həyata keçirilir və avtomatik idarə olunur.
Parkda asudə vaxtın səmərəli keçirilməsi üçün istirahət zonaları da yaradılıb, köşklər qurulub. Fəvvarələr meydançası əraziyə xüsusi yaraşıq verir. Pilləli formada yaradılan meydançada rəngarəng işıqlandırma sistemi də qurulub.
Ərazi ilə tanışlıqdan sonra prezident İlham Əliyev və ailə üzvləri eko-parkda ağac əkiblər.