Türkiyənin “Beşiktaş” futbol klubu Gürcüstanın Batumi şəhərində azarkeşlərinin iştirakı ilə baş verən hadisələrlə bağlı açıqlama yayıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, klubun açıqlamasında azarkeşlərin stadiona daxil olması zamanı təhlükəsizlik qüvvələrinin onlara maneçilik törətdiyi bildirilib.
Qeyd olunub ki, bundan sonra dərhal UEFA nümayəndəsi ilə əlaqə saxlanılıb və stadionun təxliyə qapılarının açılması təmin edilib.
Klub azarkeşlərə qarşı qeyri-mütənasib güc tətbiq edən təhlükəsizlik qüvvələrinin hərəkətlərini sərt şəkildə qınayıb.
Bildirilib ki, Türkiyənin Batumidəki Baş Konsulluğu və UEFA ilə əlaqələndirilmiş şəkildə müvafiq hüquqi və diplomatik addımların atılmasına başlanılıb.
Klub bütün azarkeşlər Türkiyəyə sağ-salamat qayıdanadək prosesin yaxından izləniləcəyini vurğulayıb.
Xatırladaq ki, UEFA Avropa Liqasının V turu çərçivəsində keçirilən “Beşiktaş” – “Hapoel Beer Şeva” matçında azarkeşlər arasında qarşıdurma baş verib. Polis “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə edib.