Bakı. Kəmalə Quliyeva – APA. Bakı Ali Neft Məktəbində 12 noyabr - Konstitusiya Günü münasibətilə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun professor-müəllim heyəti və tələbələrlə görüşü keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, 12 noyabr Azərbaycan xalqının həyatında əlamətdar gündür: “Çünki Azərbaycanın sabit inkişafı məhz ilk milli Konstitusiyanın qəbulu ilə başlayıb. Konstitusiyanın hazırlanması təşəbbüsü ulu öndər Heydər Əliyevə məxsusdur. Məhz onun tapşırığı və rəhbərliyi ilə Azərbaycanın bu mühüm dövlət sənədi hazırlanıb və qəbul edilib”.
Z. Əsgərov isə qeyd edib ki, müstəqil Azərbaycanın ilk milli Konstitusiyası 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilib: “Məqsəd bu Konstitusiyanı hamının qəbul etməsi, legitim olması idi. Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya aktı olsa da, o, Konstitusiyanı əvəz edə bilmirdi. Məhz buna görə də Konstitusiyanı hazırlamaq bir vəzifə kimi qarşıda dururdu. Konstitusiya dövlət, cəmiyyət və şəxsiyyət münasibətlərini özündə əks etdirən əsas sənəd idi. Konstitusiya hazırlananda ulu öndər belə bir tələb qoymuşdu ki, hazırlanan sənəd sosial təminatlı Konstitusiya olmalıdır. Yəni bu sənədlə hətta ana bətnində olan körpələrin belə hüquqları qorunmalıdır”.