Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
APA-nın məlumatına görə, iclasda müzakirə olunan ilk məsələ Türkiyədə, paytaxt İstanbulda baş verən terror aksiyası ilə bağlı olub. BAXCP İdarə Heyəti bu dəhşətli cinayəti qətiyyətlə qınayıb.
İdarə Heyəti Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan prezidentinin Fərmanına da münasibət bildirib. İdarə Heyəti strateji yol xəritələrinin təsdiq edilməsini yüksək qiymətləndirib: “BAXCP İdarə Heyəti Azərbaycan xalqını Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin həyata keçirilməsi prosesində təşəbbüskar olmağa, islahatlara dəstək verməyə, ölkənin yenidən qurulmasında fəal iştirak etməyə çağırır. BAXCP İdarə Heyəti hesab edir ki, xalqın təşəbbüskarlığı, işgüzar dəstəyi və strateji yol xəritələrinin həyata keçirilməsi prosesində fəal iştirakı olmadan heç bir hökumət bu və ya digər proqram vasitəsilə vəziyyətin yaxşılığa doğru dəyişməsinə nail ola bilməz”.
BAXCP İdarə Heyətinin iclasında strateji yol xəritələrinin siyahısında elm və təhsillə bağlı istiqamətin də yer almasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, həyata keçirilməsi nəzərdə tutulan islahatların əhatə etdiyi siyahıda peşə təhsili və təliminin inkişafına yer ayrılsa da, elm və təhsillə bağlı istiqamət diqqətdən kənarda qalıb: “Hesab edirik ki, islahatların davamlılığını təmin etmək üçün elm və təhsilin inkişafı ilə bağlı da strateji yol xəritəsi hazırlanmalı və həyata keçirilməlidir”.
BAXCP İdarə Heyətinin iclasında partiyanın bəzi şəhər və rayon təşkilatlarında keçirilən hesabat-seçki konfranslarının nəticələri də müzakirə olunub.