Bakı. Ramiz Mikayıloğlu - APA. “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Hərəkatın sədri Eldar Namazovun Milli Şuradan istefasının səbəblərini açıqlayıb.
E. Quliyev APA-ya açıqlamasında deyib ki, yanvarın 24-də “El” Hərəkatı İdarə Heyətinin qərarı ilə Hərəkatın qurultayını keçirmək məqsədilə Təşkilat Komitəsi yaradılıb və E. Namazov Təşkilat Komitəsinin sədri seçilib.
E. Quliyev E. Namazovun “El” Hərəkatının qurultayına hazırlıqla məşğul olmaq üçün Milli Şuradan istefa verdiyini söyləyib: ““El” Hərəkatının üzvləri Milli Şurada təmsilçiliklə bağlı fərdi qaydada qərar verməlidirlər. Eldar Namazov da belə bir qərar verib ki, “El” Hərəkatının qurultaya hazırlığı işləri ilə daha çox məşğul ola bilsin”.
E. Quliyev özünün Milli Şuranın Koordinasiya Şurasının üzvü kimi fəaliyyətini davam etdirəcəyini də açıqlayıb: “Amma Milli Şuranın fəaliyyəti ilə bağlı da kifayət qədər iradlarım, narazılıqlarım var. Bu çatışmazlıqları Milli Şurada açıqlayacam”.