Şirvan. Əlibəy Zeynallı-APA. Gənclər və idman naziri Azad Rəhimov Şirvanda vətəndaşlarla görüşüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhərində vətəndaşları qəbul edib. Qəbulda Şirvan şəhərindən, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonundan olan sakinlər iştirak edib.
Qəbulda gənclərin asudə vaxtlarının təşkili, idman və digər sahələri əhatə edən mövzularla bağlı müraciətlər dinlənilib.
Müraciətlər sırasına Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti aid olub. Fəxri adların verilməsi, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, yarımçıq qalmış idman komplekslərinin tamamlanması, idmançıların beynəlxalq yarışlarda iştirakı və sair idman sahəsinə aid müraciətlər olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən digər məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.