Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatı müzakirə olunub.
APA-nın məlumatına görə, deputat Fazil Mustafa bildirib ki, yüzlərlə uşaq təhsildən yayınaraq məcburi əməyə cəlb edilir, onlar valideyn himayəsində olduğu üçün diqqət çəkmir: “Valideynləri Türkiyədə qeyri-qanuni miqrant kimi işləyən 2 min uşaq sənəd ala bilmədiyi üçün təhsildən kənarda qalıb”.
Deputat Siyavuş Novruzov deyib ki, uşaqların məcburi əməyə, dilənçiliyə cəlb edilməsinin qarşısının alınması üçün İnsan Alverinə qarşı Milli Koordinatorun işçilərinin sayı çoxaldılmalıdır: “İkinci məsələ bu cür insanlar üçün reabilitasiya mərkəzlərinin açılmasıdır. Bizdə bu cür mərkəzlər var, lakin onların sayı artırılmalıdır. Əsas təbliğat məsələsidir. Sosial reklamlar, verilişlər artırılmalıdır. Yemək bişirməkdənsə, başqa verilişlər təqdim etməkdənsə bu cür insanların vəziyyətləri, hüquqları barədə proqramlar hazırlanmalıdır”.
S. Novruzov qeyd edib ki, Ermənistanın I Qarabağ müharibəsində itkin düşən azərbaycanlıların daxili orqanlarının satışı ilə məşğul olması barədə məlumatlar var: “Hətta həmin insanların adları da qeyd edilmişdi. Hesab edirəm ki onların siyahısı hazırlanıb, BMT və digər beynəlxalq qurumlara təqdim olunmalıdır ki, axtarışları daha da gücləndirilsin. Məncə, əsir və itkin düşmüşlərin bir çoxu insan alverinin qurbanıdır. Bununla əlaqədar beynəlxalq məhkəmədə cinayət işinin başlanması ilə bağlı addımlar atmalıyıq. Bu gün Suriyada itkin düşənlərin böyük hissəsi insan alverinin qurbanına çevrilir”.
Deputat Çingiz Qənizadə deyib ki, mütəşəkkil cinayətkarlığın tərkib hissəsi olan və çox böyük gəlir gətirən sahə insan alveridir: “Sevindirici hal odur ki, son 10 ildə bu sahə ilə yüksək səviyyədə mübarizə aparılır”.
Müzakirələr sonra Milli Koordinator Vilayət Eyvazov deputatların fikirlərinə münasibət bildirərkən deyib ki, bütün ölkələrdəki Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün tədbirlər görülür. O, əsir və itkin düşmüş azərbaycanlılarla bağlı cinayət işinin başlandığını bildirib. Nazir müavini əlavə edib ki, erkən nikahları insan alverinin predmetinə aid etməyi mümkün saymır və ilbəil belə hallar sürətlə azalır.
Sonra hesabat səsə qoyularaq qəbul edilib.
***
12.44
Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatı dinlənilir.
APA-nın məlumatına görə, hesabatı daxili işlər nazirinin birinci müavini, general-leytenant, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov təqdim edir. Hesabatda il ərzində bu sahədə görülən işlər və statistika yer alıb.