APA-nın məlumatına görə, müzakirələrdə çıxış edən millət vəkili Aydın Mirzəzadə Mingəçevir şəhəri ilə bağlı xüsusi plan hazırlanmasını təklif edib. O, fəaliyyətini dayandırmış iri müəssisələrin yerində xırda müəssisələrin açılmasının özünü doğrultmadığını, şəhərdə işsizlik səviyyəsinin yüksək olduğunu deyib.
Millət vəkili Çingiz Qənizadə 140-150 manat əməkhaqqı alan poçt işçilərinin maaşlarının artırılmasını zəruri saydığını söyləyib. O, məhkəmə orqanlarında çalışan texniki və sıravi işçilərin əmək haqlarının artırılmasını da vacib sayıb.
Deputat Yevda Abramov həmkarı Vahid Əhmədovun Quba rayonun problemləri ilə bağlı dediklərini dəstəkləyib: “Ancaq indi Azərbaycan bazarlarında xarici ölkələrdən gələn almalar satılır, baxmayaraq ki, ən gözəl almalar Qubada yetişir. Gömrük rüsumlarını artırmaqla Quba almasının şöhrətini artırmaq olar. Quba rayon İcra Hakimiyyəti bu günlərdə Alma Bayramı keçirdi. Gözləyirdik ki, bundan sonra Rusiyaya 60-70 maşın alma gedəcək. İxracı stimullaşdırmaq lazımdır”.
Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, Qubanın özündə almanın qiyməti Bakıda satılan qiymətdən bahadır: “Bu məsələ barədə də düşünmək lazımdır, çünki bazar iqtisadiyyatıdır. Zavod niyə işləmir, İqtisadi İnkişaf Nazirliyi bunu araşdırsın. Siz və Vahid Əhmədov bu məsələni artıq neçənci dəfədir qaldırırsınız”.
Tibb Universitetinin prorektoru, millət vəkili Rafiq Məmmədhəsənov büdcə layihəsini təqdir edib: “Bu sənədin hazırlanmasında əməyi olan bütün şəxslərə, xüsusən Maliyyə Nazirliyinə təşəkkür edirəm”.
R. Məmmədhəsənov elm, təhsil və səhiyyə sahəsinə ayrılan vəsaitlərin az olduğunu deyib. O, müvafiq sahələrə ayrılan vəsaitin artırılmalı olduğunu vurğulayıb.