Bank Of Baku

Milli Qurtuluş Gününün Müasir Azərbaycan mədəniyyətində yeri və rolu

Milli Qurtuluş Gününün Müasir Azərbaycan mədəniyyətində yeri və rolu
# 15 iyun 2018 16:57 (UTC +04:00)

Ramil Qasımov

politoloq, Azərbaycan Televiziyası Mədəniyyət kanalının direktoru

 

Bu il Azərbaycan xalqının 20 ildir təntənəli surətdə qeyd etdiyi Milli Qurtuluş Günündən 25 il keçir.  Bu gün Azərbaycan xalqının böyük oğlu, görkəmli siyasi xadim, müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdış günüdür. Bu günün önəmini anlamaqdan ötrü və müasir Azərbaycan cəmiyyətinin müxtəlif sahələrinin – siyasətin, iqtisadiyyatın, mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişafındakı rolunu qiymətləndirmək məqsədi ilə bu yazını yazmağı özümə mənəvi borc bildim.

 

Müstəqilliyin ilk illərində o zamankı iqtidarın zəifliyi nəticəsində yaranmış silahlı dəstələrin törətdikləri özbaşınalıqlar ölkəni qardaş qırğını və vətəndaş müharibəsi, separatçılıq və parçalanma meyllərinin baş qaldırması kimi təhlükələrlə qarşısında qoydu. Yaranmış gərgin vəziyyətdə Azərbaycan bir dövlət kimi mövcudiyyətini itirə bilərdi.  Ölkənin cənubunda və qərbində baş qaldıran hərbi hissələrin hakimiyyətə itaətsizliyi iqtidarın vəziyyəti düzəltmək üçün tələsik addımlar atması və ciddi səhvlərə yol verməsi ilə nəticələndi. Ölkədə xaos hökm sürürdü. Qiyamçılar ölkə rəhbərliyinin istefasını tələb edərək hakimiyyəti silah gücünə ələ keçirməyə çalışırdı.  Nəzarətdən çıxmış vəziyyətin idarə olunması və normallaşdırılması üçün çevik siyasi qərarların qəbul edilməsinə ehtiyac yaranmışdı. Həmçinin hakimiyyətdə təmsil olunanların heç bir siyasi və dövlətçilik təcrübəsinin olmaması ölkədəki siyasi böhranı daha da dərinləşdirirdi.

 

Başını itirmiş hakimiyyət Azərbaycan xalqının iradəsi və təkidli tələbi ilə həmin dövrdə Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyevi Bakıya dəvət etdi. Bu hadisə Azərbaycan xalqının və dövlətinin müstəqillik tarixində ölkənin vətəndaş müharibəsi və parçalanma təhlükəsinin astanasında bu təhlükədən azad olması ilə əlamətdar olan dönüş nöqtəsi oldu. Bakıya gələn Heydər Əliyev 1993-cü il 15 iyun tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri vəzifəsinə seçildi. Vəzifəyə seçilərkən ümummilli lider öz tarixi çıxışında müstəqilliyin əldə olunmasının vacibliyi ilə yanaşı onun qorunub saxlanmasının daha vacib olmasını qeyd etdi.

 

Ümummilli liderin rəhrərliyi ilə qısa bir müddətdə ölkədə ictimai-siyasi sabtilik bərpa olundu. Respublikamız siyasi böhran təlatümündən qurtularaq demokratik islahatlar mərhələsinə qədəm qoydu.  İctimai həyatın bütün sahələrində nəzərəçarpacaq dərəcədə canlanma yaranmağa başladı. Müstəqilliyin əldə olunmasından 4 il sonra 1995-ci il noyabr ayının 12-də dövlətin ali qanunu olan Konstitusiya referendum yolu ilə qəbul edildi. Öklədə demokratik siyasi institutların əsası qoyuldu. Konstitusiyanın qəbul edildiyi gün yəni 12 noyabr 1995-ci ildə Milli Məclisə ilk seçkilər keçirildi. Vətəndaş cəmiyyəti və hüquqi dövlətin fəaliyyətinin təmin olunması məqsədi ilə normativ-hüquqi bazanın təkmilləşdirilməsinə başlandı. Bunun bariz nümunəsi kimi ilk dəfə olaraq, 1999-cu ildə yerli özünüidarəetmə orqanlarına – bələdiyyələrə seçkilər keçirildi. Konstitusiya qəbul edildikdən 3 il sonra 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə keçirilən seçkilərdə ümummilli lider Heydər Əliyev xalqın əksəriyyətinin səsini alaraq ikinci dəfə bu ali vəzifəyə seçildi. Bu seçkidəki qalibiyyətin səbəbi ötən 5 il ərzində onun yorulmadan göstərdiyi fəaliyyət idi.

 

Heç şübhəsiz ki, 90-cı illərin əvvələrində Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi şərait, vətəndaş müharibəsi təhlükəsi mədəniyyət və incəsənətə də təsirsiz ötüşmədi. Mənfur qonşumuz Ermənistanın işğalı nəticəsində yaranmış ağır şəraitdə daxildəki qüvvələrin ölkəni parçalamaq cəhdləri ilə dövlətin fəaliyyətinin iflic vəziyyətinə düşməsi bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də durğunluq yaranmasına və geriləməyə səbəb oldu.

 

Lakin, bütün bu mənfi gedişata baxmayaraq, 1993-cü ildə ümummilli liderin xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdışı ilə ictimai-siyasi sahədə olduğu kimi, mədəni-mənəvi sahələrdə də dirçəliş prosesləri başladı.

 

Mədəniyyət və incəsənət xadimlərinin sosial təminatının yaxşılaşdırılması, onların fəxri adlarla təltif olunması, teatrın, kinonun, musiqinin və digər incəsənət sahələrinin inkişaf üçün dövlət büdcəsindən vəsaitin ayrılması məhz ümummilli lider Heydər Əliyevin bu sahəyə verdiyi önəmin bariz nümunəsidir.

 

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bugün Azərbaycan mədəniyyətinin və incəsənətinin hərtərəfli inkişafı və çiçəklənməsi, beynəlxalq səviyyədə təbliği və dəstəklənməsi üçün əlindən gələn səyləri əsirgəmir. Onun yaxın günlərdə Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin fəxri adlarla, orden və medallarla, prezident mükafatları ilə təltif olunması ilə bağlı sərəncamları mədəniyyətimizin inkişafı üçün münbit zəmin hazırlayır və gələcəyə böyük ümidlər baxmağımıza şərait yaradır.

 

Azərbaycan Respublikasının birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində gördüyü işlər, xalqımızın maddi və mənəvi mədəniyyət nümunələrinin dünya irsi siyahısına salınması, onların ölkəmizdə və ölkəmizdən kənarda təbliğ olunması üçün atdığı addımları xüsusilə vurğulamaq istərdim.

 

1998-ci ildən etibarən Milli Qurtuluş Günü təqvimdə rəsmi dövlət bayramı kimi qeyd olunur. Milli Qurtuluş Günü ilə əlaqədar ictimai və dövlət səviyyəsində təntənəli tədbirlər keçirilir.

 

Milli Qurtuluş Gününə həsr olunmuş sənədli və bədii filmlər çəkilir, müsiqilər bəstələnir, müxtəlif rəsm və incəsənət əsərləri yaradılır, sərgilər keçirilir.

 

Həmçinin Milli Qurtuluş Günü il əlaqədar olaraq “Heydər Əliyev dərsi” keçirilir, onun siyasi irsinin öyrənilməsi ilə bağlı elmi-publisistik tədqiqatlar aparılır, məktəblilər arasında inşa müsabiqələri tərtib olunaraq reallaşdırılır.

 

Çox sevinirəm ki, Azərbaycan musiqi ictimaiyyətinin ən görkəmli nümayəndələrinin dəstəyi ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və Milli Konservatoriyanın 15 İyun – Milli Qurtuluş Gününə həsr etdiyi “Vətən nəğməsi” adlı layihənin reallaşdırılmasında mən də yaxından iştirak edirəm. Bu layihənin məqsədi 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldiyi dövrdə yazılmış, sözləri Vaqif Nəsibə, musiqisi isə gözəl bəstəkarımız Tofiq Quliyevə məxsus “Vətən nəğməsi” əsərinin yenidən işlənərək, müasir texniki imkanların köməyi ilə vizuallaşdırmaq və milyonlarla izləyiciyə təqdim etməkdən ibarətdir.

 

Azərbaycanın mədəniyyət, incəsənət xadimlərinin Milli Qurtuluş Gününə bir töhfəsi olan bu mahnıda bütün musiqi ictimaiyyəti ilə bərabər mən də ümummilli lider qarşısında mənəvi borcumu yerinə yetirməyə cəhd göstərmiş, ölkəmizin gözəlləşməsi, mədəniyyətimizin günü-gündən inkişafı üçün öz təşəkkürümüzü musiqi ilə, şeir ilə, ifa ilə bildirməyə çalışmışıq.

 

Bundan əlavə, hal-hazırda çalışdığım Azərbaycan Televiziyası Milli Qurtuluş Gününə və ümummilli lider Heydər Əliyevin siyasi irsinin tədqiqinə həsr olunmuş müxtəlif silsiləvi verilişlər hazırlayaraq geniş izləyici kütləsinin diqqətinə çatdırmış və bu istiqamətdə işlərini davam etdirməkdədir.

 

Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır. Bu tarixin ölkəmizin keçən əsrin sonların əldə etdiyi müstəqilliyinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün xalqın qürur mənbəyinə çevrilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur.

 

Müasir Azərbaycan gəncləri olaraq, hər kəsin üzərinə Milli Qurtuluş Gününün və bu günün memarı ümummilli lider Heydər Əliyevin irsinin təbliği və qorunub saxlanması kimi müqəddəs vəzifə düşür. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək hər bir Azərbaycan vətəndaşının, gəncinin borcudur!

 

Milli Qurtuluş Gününüz mübarək!

 

Ramil Qasımov

politoloq, Azərbaycan Televiziyası Mədəniyyət kanalının direktoru

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR