Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bir sıra aparıcı suveren və institusional investorlarla birlikdə Çin-ASEAN Birgə İnvestisiya Şurasını (CAJIC) təsis edib.
“APA-Economics” xəbər verir ki, bu barədə ARDNF-dən bildirilib.
Şuranın yaradılması Çinin Syamen şəhərində keçirilən 26-cı Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi çərçivəsində elan olunub.
CAJIC-in təsisçiləri sırasında ARDNF ilə yanaşı, Çin İnvestisiya Korporasiyası (CIC), Tailand Hökumətinin Pensiya Fondu, Malayziyanın “Khazanah Nasional Berhad” suveren sərvət fondu, “Kumpulan Wang Persaraan (Diperbadankan)” pensiya fondu və İndoneziya İnvestisiya Qurumu (INA) yer alır.
CIC-in təşəbbüsü ilə yaradılan Şura suveren sərvət fondları və digər institusional investorlar arasında Çin və Cənub-Şərqi Asiyada uzunmüddətli investisiya əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.
Şuranın fəaliyyəti institusional əlaqələrin inkişafı, bilik və təcrübə mübadiləsi, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə investisiya təşəbbüslərinin həyata keçirilməsini əhatə edəcək.
Qeyd edək ki, ARDNF və CIC arasında 2025-ci ilin aprelində investisiya əməkdaşlığının genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
2026-cı ilin aprelində isə ARDNF, CIC və INA tərəfindən “Galaxy Orientis” Çin-ASEAN İnvestisiya Proqramı (CAIP) yaradılıb. Proqram ilkin mərhələdə təxminən 520 mln. ABŞ dolları vəsait cəlb edib, onun hədəf həcmi isə 1 mlrd. ABŞ dollarıdır.
CAIP Çin və Cənub-Şərqi Asiyada sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya sahələrində investisiya imkanlarına fokuslanır.
CAJIC institusional əməkdaşlıq və yeni investisiya istiqamətlərinin müəyyənləşdirilməsi üçün platforma rolunu oynayacaq, CAIP isə konkret investisiya layihələrinə kapital yönəldilməsini təmin edəcək.