Bakı. Etibar Məmmədov – APA. Demokratik Qüvvələrin Milli Şurasının bəyannaməsinə əsasən bir aydan gec olmayaraq qurumun sessiyası çağırılmalıdır. Lakin bir aydan çox vaxt keçsə də, sessiya keçirilmir.
KXCP sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında deyib ki, qurumun bir sıra üzvləri bayramla əlaqədar Bakıda olmadığından sessiyanın çağırılması gecikib: “Yəni gecikmə sırf obyektiv səbəblərlə əlaqədardır”.
VHP Ali Məclisinin sədri Rafiq Manaflı isə Milli Şuranın sessiyasının keçirilməsi üçün yer olmadığını bildirib. Onun sözlərinə görə, sessiya iştirakçılarını qəbul edəcək 80 nəfərlik məkan yoxdur: “Problem qərargahla bağlıdır. Digər məsələ isə hazırda ölkədə siyasi proseslərin sabitliyidir. Yəni fövqəladə bir vəziyyət yoxdur”.
Milli Şuranın sədri Cəmil Həsənli isə APA-ya bildirib ki, bayramla əlaqədar qurumun sessiyası gecikib, lakin martın sonlarında sessiyanın keçirilməsi nəzərdə tutulur.