Bakı. Etibar Məmmədov – APA. “Müsavat Partiyasının Binəqədi rayon təşkilatından 9 nəfərin istefası barədə xəbərlər yalandır”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Təşkilat Şöbəsinin müdiri, Divan üzvü Razim Əmiraslanlı deyib.
O bildirib ki, istefa xəbəri yayılan Binəqədi rayon təşkilatının 9 nəfər özək üzvü partiyadan 3 il öncə çıxarılıb: “Mən siyahıya baxdım. İstefa siyahısında olan adamların hamısı 3 il bundan öncə təşkilatın Şurası tərəfindən fəaliyyətsizliklə bağlı partiyadan xaric ediliblər. Bu barədə əlimizdə rəsmi protokol var. Yəni, o siyahıda istefa verənlərin yox, vaxtı ilə partiyadan çıxarılan adamların adları əksini tapıb”.
R. Əmiraslanlı Müsavat rəhbərliyinin partiyanın gözətçisi işləyən Zahir Beydullaya heç bir borcunun olmadığını qeyd edib: “O iddia edir ki, onun maaşı verilməyib. Ancaq Müsavat dövlət tərəfindən maliyyələşdirilmədiyi üçün partiyada heç kim maaş almır. Zahir Beydullaya kimsə yığılan üzvlük haqlarından müəyyən qədər pul verə bilər, ancaq bu, maaş deyil. Müsavat Partiyasında heç bir rəsmi ştat yoxdur. Zahir Beydulla həm də özək sədri olub. Lakin o, partiyadan çıxarılıb”.