Bakı. Ramiz Mikayıloğlu - APA. “Qanunvericiliyin tələbinə görə Mərkəzi Seçki Komissiyası ötən illə bağlı maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinə müraciət etməlidir”.
APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Natiq Məmmədov bildirib.
N. Məmmədov nəzərə çatdırıb ki, keçən il demək olar ki, heç bir partiya maliyyə hesabatını qanunvericilikdə nəzərlə tutulan müddətdə - aprelin 1-ə qədər MSK-ya təqdim etməyib: “Bu il isə aprelin 1-ə qədər 55 siyasi partiyadan 50-si aprelin 1-ə qədər, 1 partiya isə bir az gecikmə ilə maliyyə hesabatını MSK-ya təqdim edib. MSK-nın əsas hədəfi siyasi partiyaları hesabatlılığa cəlb etməkdir, hansısa partiyanın cəzalandırılması deyil. Ancaq qanunvericilik imkan verir və MSK-nın də əlində kifayət qədər imkan var ki, siyasi partiyaların bu istiqamətdə fəaliyyəti ilə bağlı qanunvericiliyin imkanlarından geniş istifadə etsin”.
Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.
MSK bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Bu il Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası və Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası MSK-ya maliyyə hesabatını təqdim etməyib.