Bakı. Etibar Məmmədov – APA. “Vaxtı ilə Müsavat Partiyasının başqanı Arif Hacılı əməkdaşlıqla bağlı AXCP sədri Əli Kərimliyə müraciət etmişdi. Lakin Əli Kərimlinin Arif Hacılıya cavabı mənfi olub”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri (MNTK) Sevinc Hüseynova deyib.
O, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Müsavatın münasibətlərinin yenidən gərginləşməsinə, partiyanın birliklə bağlı çağırışlarının AXCP tərəfindən qəbul edilməməsinə münasibət bildirib. O qeyd edib ki, Müsavatı Milli Şuradan çıxdığına görə ittiham etmək və buna görə əməkdaşlıqdan yayınmaq yanlışdır: “Çünki Müsavat Milli Şuranı tərk edəndə çox ciddi səbəblər göstərib və bu da cəmiyyətə açıqlanıb. Ancaq yenə də hesab edirəm ki, hər iki qurumun öz siyasi xətti var”.