Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun qüvvəyə minməsi barədə fərman imzalayıb.
APA-nın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik siyasi partiyalar tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və sığorta nəzarəti orqanına təqdim edilməli olan digər hesabat və məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulması ilə bağlıdır.
Dəyişikliyə əsasən bundan sonra bu pozuntularla bağlı inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxacaq.
Qeyd edək ki, bu inzibati xətalarla bağlı vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.