Bakı. Etibar Məmmədov - APA. Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər Milli Şuranın fəaliyyəti ilə bağlı müəyyən təkliflərlə çıxış edib.
APA-nın məlumatına görə, qurumun sessiyasında çıxış edən S.Əkbər qeyd edib ki, Milli Şuranın yeni dönəmdə funksiyası aydınlaşdırılmalı, böhrandan çıxarılması istiqamətində konkret addımlar atılmalıdır: “Biz qarşımıza konkret məqsəd qoymalıyıq. Mili Şuranın vəzifəsi koordinasiya olunmalı, Məşvərət və Koordinasiya komissiyası yaradılmalıdır. Milli Şurada struktur islahatları aparılmalıdır”.
S.Əkbər təklif edib ki, Milli Şurada partiyaların siyasi maraqları arxa plana keçməlidir: “Milli Şurada heç bir lider hegemonluğa cəhd etməməli, təşkilatdaxili balans qorunmalıdır”.
O, təkliflərini Milli Şuranın sədri Cəmil Həsənliyə təqdim edib.