Bank Of Baku

Vurğun Əyyub: “Kimsə müxalifəti parçalamaq istəyirsə, onsuz da bu işlə məşğuldur” - MÜSAHİBƏ

Vurğun Əyyub: “Kimsə müxalifəti parçalamaq istəyirsə, onsuz da bu işlə məşğuldur”  - <span style="color: red;">MÜSAHİBƏ
# 08 yanvar 2013 10:39 (UTC +04:00)

 

Bakı. Ramil Məmmədli - APA. Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyubun APA-ya müsahibəsi

 

- Prezident seçkiləri ilə bağlı Müsavat Partiyasının qərarını vaxtında atılmış addım hesab etmək olarmı?

 

- Müsavat Partiyasının seçkilərlə bağlı qərarını gecikmiş hesab edirəm. Çünki seçkiyə qoşulmaq haqda qərar yoxdursa, namizəd müəyyənləşməyibsə, bu istiqamətdə hər hansı işin getməsi mümkün deyil. Bu baxımdan hesab edirəm ki, Müsavat Partiyası gecikmiş də olsa, öz mövqeyini qətiləşdirdi və seçkidə iştirakla bağlı qərarını verdi. Bu doğru bir qərardır.

 

- Amma müttəfiqləriniz - AXCP və İctimai Palatada təmsil olunan digər partiya funksionerləri Müsavat Partiyasının tələskənliyə yol verdiyini deyirlər...

 

- Doğrusu, həmin qurumlar tərəfindən bizə elə münasibətin şahidi olmamışam. AXCP sədri Əli Kərimli və digər partiya fəalları İsa Qəmbərin namizədliyini irəli sürməsinə hörmətlə yanaşdıqlarını deyirlər. Bundan başqa, Müsavat Partiyasının qəbul etdiyi bu qərar heç bir halda birgə fəaliyyətin əleyhinə yozula bilməz. Əvvəla, ona görə ki, Müsavat Partiyasının bu qərarı İctimai Palatanın qərarlarının çərçivəsindən kənara çıxmır və heç bir halda İctimai Palatanın qəbul etdiyi qərarların heç bir bəndinə zidd deyil. Əgər belə bir ziddiyyət olsaydı, indiyə qədər bunu ortaya qoymuş olardılar. Hesab etmirəm ki, Müsavat Partiyasının və ya hansısa digər qüvvənin seçkidə iştirak və yaxud seçkidə öz namizədini göstərə bilən qərarı bizim birgə addımlamağımıza mane ola bilər.

 

- İctimai Palatada seçki strategiyasının müəyyənləşməsi ilə bağlı artıq neçə aylardır narazılıq mövcuddur. Bu vəziyyət sessiyada da özünü göstərdi. Belə vəziyyətdə bu qurumun monolit qüvvə olaraq seçkidə iştirak şansı nə qədərdir?

 

- İctimai Palatanın sessiyasında iştirak etməmişəm. Amma mətbuatdan olan məlumata görə, qərar yekdilliklə qəbul olunub. Ola bilər ki, bu qərara hansısa əlavə təkliflər olsun. Burada narahatlıq doğuran məqam yoxdur. Ancaq mən hesab edirəm ki, partiyalar və təşkilatların fəalları arasında məsələyə fərqli baxışlar mövcuddur. Bəziləri belə düşünür ki, əvvəlcə seçki mühitinin demokratikləşməsi istiqamətində mübarizə aparmalı, sonra isə namizəd irəli sürülməlidir. Mən isə əksini düşünmürəm. Mübarizənin daha ardıcıl aparılması, qüvvələri bir yerə toplamaq üçün namizəd irəli sürülməlidir. Yəni seçkiyə start verilməlidir. Seçkiyə start verilməyibsə, qərargah yaradılmayıbsa, bu mübarizəni necə təşkil etmək olar? Mənim və Müsavat Partiyası üzvlərinin böyük əksəriyyətinin baxışı belədir ki, seçkilərdə iştirak edən şəxsin namizədliyinin irəli sürülməsi bu prosesi davam etdirməyə heç cür mane ola bilməz. Ona görə də müttəfiqlərimizin mövqeyini narazılıq yox, prosesə fərqli baxışlar kimi qəbul edirəm.

 

- Hər partiyanın öz namizədi ilə seçkidə iştirakı müxalifətə hansı divident gətirə bilər?

 

- Burada söhbət seçkiyə hazırlıq prosesində namizədliklərin irəli sürülməsindən gedir. Əlbəttə partiyalar öz namizədi ilə seçkiyə getməsi də, seçki ərəfəsində vahid namizədin müəyyənləşməsi də məsələsi də orta çıxa bilər. Ola bilər ki, seçkidə iştirak etmək mənasız olsun. Yəni seçkini boykot etmək lazım gəlsin.

 

- Belə çıxır ki, İsa Qəmbərin namizədliyini irəli sürməsini ilkin mərhələyə aid edirsiniz?

 

- Bunu prezident seçkisinin startı hesab edirəm.

 

- Müxalifətin imkanlarının o qədər də geniş olmadığı bir məqamda namizədlərin sayının çox olmasını nə dərəcə də düzgün taktiki gediş hesab etmək olar? Bu müxalifətdə parçalanma yaratmazmı?

 

- Parçalama niyyətində olmayanlar üçün bu parçalanma olmayacaq. Kimsə müxalifəti parçalamaq istəyirsə, onsuz da bu işlə məşğuldur. Məsələn, İsa Qəmbərin əsas namizəd fikrinə qarşı bəzən haqsız hücumlar da olur. Bu və ya digər əsaslı səbəblərdən İsa Qəmbər “vahid namizəd” fikrindən daha çox “əsas namizəd” anlayışına üstünlük verir. Məncə də səmimi müxalifət mövqeyində dayanan qüvvələrin bir namizədi ola bilər. Əlbəttə, biz o zaman buna “vahid namizəd” deyə bilməyəcəyik. Niyə? Çünki sabah müxalifət adına iddia edən və iqtidarın maraqlarına xidmət edən bir qüvvə deyəcək ki, bu şəxsi “vahid namizəd” kimi qəbul etmirəm. Belə olan təqdirdə müxalifətin “vahid namizəd” ideologiyası reallaşa bilməyəcək. Bir də hər kəsin namizədliyini irəli sürmək haqqı var. İstənilən halda ümumi razılığı pozmaq niyyətində olanlar həmişə tapılacaq. Bəlkə də bu birliyi pozmaq vəzifəsi həmin şəxslərin qarşısına qoyulan bir öhdəlikdir. Hesab edirəm ki, sonda ölkənin səmimi və real qüvvələri seçkiyə bir yerdə gedə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR