Yeni legitim qanunverici orqan xalqımızın yüksək gözləntilərini doğruldacaq - RƏY

Yeni legitim qanunverici orqan xalqımızın yüksək gözləntilərini doğruldacaq  - RƏY
# 21 iyun 2024 11:55 (UTC +04:00)

Yeni legitim qanunverici orqanın formalaşması ilk növbədə xalqımızın yüksək gözləntilərini doğruldacaq.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, yeni parlamentin ictimai-siyasi palitranı özündə dolğun əks etdirməklə yanaşı, ən başlıcası, xalqın alternativ ideya və düşüncələrini təmsil edəcəyinə, Qarabağdan sonra yeni milli ideologiyanın formalaşdırılmasına töhfə verəcəyinə inanırlar: “Hazırda dünyada yalnız hərbi, siyasi-iqtisadi deyil, həm də idarəçilik böhranı var. Ləyaqətli kadrlar, insan amili bütün formasiyalarda idarəçiliyin bir nömrəli məsələsidir. Ona görə də yeni seçkilərdə əsas şüarlar, “Qələbəni möhkəmləndir!” və “ən böyük sərvət insandır!” devizidir. Qurulacaq yeni parlamentdə hərbi meydanlarda həyatını verən gənclərin elm, diplomatiya, beynəlxalq siyasət və digər səngərlərdə nəsil, əqidə yoldaşlarının daha çox təmsil olunacağına inanırıq. Müharibədə qalib gələn millət seçkilərdə də qələbə qazanacaq”.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, dövlətimiz qarşısında yeni inkişaf perspektivləri açılıb, islahat aparılır: “Azərbaycan tarixinin bu şərəfli mərhələsində VI çağırış Milli Məclis daim ölkə Prezidentinin yanında olub. VI çağırış Milli Məclisin fəaliyyəti uğurlu olub. Hesab edirəm ki, təmsil olunduğum Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı məqsədəuyğundur. Növbədənkənar parlament seçkilərin keçirilməsi və bu barədə Prezidentə müraciət məqsədəmüvafiqdir”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev vurğulayıb ki, Milli Məclisə VII çağırış seçkilər müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində keçirilən ilk parlament seçkisi kimi zərəf tariximizə əlavə olunacaq, Qarabağda və Zəngəzurda seçicilər öz millət vəkillərinə səs verəcəklər.

Deputat Fatma Yıldırım Azərbaycan xalqının son illər tarixi zəfərlər, tarixi anlar yaşadığını söyləyib: “Prezident İlham Əliyev zəfərdən sonra yeni dövrün başlandığını vurğulayaraq fevralın 7-ə prezident seçkilərinin təyin olunmasını bu amillə əlaqələndirmişdi. Fevralda keçirilən prezident seçkiləri həqiqətən də yeni dövrün başlanğıcı oldu. Çünki prezident seçkiləri müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etdi. Artıq yeni reallıqlar mövcuddur. Bunu nəzərə alaraq deyə bilərik ki, prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılmasının da zamanı gəlib çatıb. Yeni reallıqlar ölkəmizdə növbəti parlament seçkilərinin keçirilməsini də şərtləndirir. Bu seçkilər də bütün ölkə ərazisini əhatə etməklə əlamətdar olacaq. Yəni, Milli Məclisə növbədənkənar seçkilər zamanı müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR